Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış addır. Onun millət, Vətən, dövlət üçün göstərdiyi şücaət, qəhrəmanlıq unudulmazdır. Çünki yox olmaq astanasına gəlib çıxmış ölkə öz gələcək nicatını, yaşamını Onun fəaliyyəti ilə qazandı. Xalqımızın həyatında əsrlər boyu təlatümlü məqamlar çox olub. Bu mənada Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı və ölkəmizi doğru istiqamətə yönəldərək inkişafımız üçün yol açdı. Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması mühüm əhəhmiyyətk kəsb edir: “Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.
Deputat deyib ki, xalqımız Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır: “2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin əziz xatirəsinə ehtiramın ən yüksək səviyyədə nümayiş olunması baxımından olduqca mühüm tarixi bir hadisədir. Əslində, rəsmi sərəncamla 2023-il elan edilsə də, qüdrətli dövlətimiz, eləcə də vətəndaşlarımız üçün hər gün, hər il Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin anadan olmasının 100 illiyi xalqımız tərəfindən yüksək səviyyədə qeyd ediləcək. Hər bir ölkəni, dövləti, milləti dünyaya tanıdan ilk növbədə onun siyasi xadimləri, tarixi şəxsiyyətləri olur. Onlar öz xalqının və millətinin layiqli təmsilçiləri kimi həm özlərinə, həm də öz xalqlarına tarixdə əbədi iz qoyur, doğma vətənlərinin tarixini zənginləşdirməklə bərabər, onun dünyada tanınmasında və nüfuzunun yüksəlməsində misilsiz rol oynayırlar. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdəndir”.
Millət vəkili bildirib ki. XX əsrdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin yüksək səviyyəli idarəçiliyinin və liderliyinin şahidi olub: “Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan xalqını ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olub. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət edib. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməyib. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək. XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanma təhlükəsindən xilas etmək və vətəndaş qarşıdurmasının qarşısını almaqla, Azərbaycan xalqı və dövləti üçün yeni dövrün başlanğıcını qoymuş olu. Beləliklə, Ulu Öndər Azərbaycan tarixində müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusuna çevrilib”.
Aqil Məmmədov vurğulayıb ki, bu gün ümummilli liderin ideyaları Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir: “Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Vətən müharibəsində ölkəmizin qazandığı misilsiz qələbə bir daha onu göstərdi ki, ata vəsiyyətini yerinə yetirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu öndərin siyasi kursuna və dövlətçilik ideologiyasına sədaqətlə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil, bütöv və güclü Azərbaycan dövləti ərsəyə gəlmişdir. Bu Azərbaycan Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır”.