Mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Bu mənada Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini uğurla davam etdirir. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının daha aktiv şəkildə regional və qlobal proseslərə təsiri özünü aydın şəkildə göstərir. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatınin sədri Azərbaycan Prezidenti İlham Əliyev olub.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı artıq beynəlxalq müstəvidə xüsusi rola və çəkiyə malikdir: “Sözsüz ki, Hərəkatın institusional inkişafında Azərbaycanın quruma sədrliyinin mühüm əhəmiyyəti olub. Məhz, Azərbaycanın sədrliyi dövründə ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Bununla yanaşı, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. Bütün bunlar Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uğurla həyata keçirdiyinin əyani göstəricisi hesab edilir. Sözsüz ki, Azərbaycanın sədrliyi ilə Qoşulamam Hərəkatının fəaliyyətində əldə edilən bu yüksək nailiyyətlər qurumun tarixinə qızıl hərflərlə yazılacaq”.
Deputat Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunduğu tarixdən etibarən qurumun fəaliyyətinə öz yüksək töhfələrini verdiyini söyləyib: “Bu amillər isə Hərəkatda Azərbaycanın nüfuzunun artmasını şərtləndirən başlıca xarakterik cəhətlərdən olub. Məhz ölkəmizin artan beynəlxalq nüfuzu Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik siyasi lider kimi bacarıqları Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə Görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilməsini şərtləndirən başlıca prinsip olub. Beləliklə də Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana, Prezident İlham Əliyevə həvalə olunub. Ötən müddət ərzində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan təşkilatın sədri kimi öz missiyasını yüksək səviyyədə yerinə yetirib. Bütövlükdə, Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümunəsi kimi qiymətləndirilir”.
Millət vəkili bildirib ki, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündəki çıxışında beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklərə, ikili standartlara xüsusilə diqqət çəkib: “Azərbaycan Prezidentinin vurğuladığı kimi təəssüflər olsun ki, beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlar, beynəlxalq təşkilatların qərarlarının ya icra olunmaması, ya da selektiv yanaşma nümayiş olunması beynəlxalq təhlükəsizlik arxitekturasında köklü dəyişikliklərə səbəb olub. Beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər yeni dünya düzəninin formalaşmasına gətirib çıxarıb. Yeni dünya düzəni yenidən formalaşmaqdadır. Şərq-Qərb qütbləşməsi çox ciddi şəkildə özünü göstərir. Cənab Prezident İlham Əliyevin dediyi kimi “BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir”. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev mühüm təkliflə çıxış etməsi də indiki dövrdə xüsusi olaraq diqqəti çəkir. Ölkəmizin Başçısı minatəmizləmə məsələsinə toxunaraq qeyd edib ki, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqəsi mövcuddur. Çünki minalar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Bu mənada Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edən ölkələrdəndir. Həmçinin ölkə Başçısı Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib. Bu təklifin edilməsi heç də təsadüfi deyil. Ona görə ki, Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasındadır. Bu baxımdan Həmfikirlər Qrupunun yaradılması haqqında Azərbaycanın etdiyi təklif mina və partlamamış hərbi sursatlarla çirklənmiş ölkələrin səsini qlobal miqyasda eşitdirmək üçün olduqca vacib məsələdir”.
Təftiş Komissiyasının sədri COVID-19-a qarşı mübarizə çərçivəsində Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər, atdığı addımların heç də diqqətdən kənarda qalmadığını vurğulayıb: “COVID-19-a qarşı dünya dövlətləri az qala böyük çətinliklər, sıxıntılar yaşadığı dövrdə Azərbaycan həm Ümumdünya Səhiyyət Təşkilatına, həm də ehtiyacı olan ölkələrə yardımlar göstərib. Daha sonra isə COVID-19-a qarşı vaksinləşmə prosesində də Azərbaycan ədalətli vaksin bölgüsündə ayrıseçkiliyə son qoyulması üçün mühüm təşəbbüslər irəli sürüb. Bu istiqamətdə də Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vaksin almaqda çətinlik çəkən ölkələrdə insanların vaksinasiyadan keçirilməsi üçün konkret addımlar atılıb. Məhz bu məqsədə xidmət edən Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması isə ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun ifadəsi kimi dəyərləndirilib. Eyni zamanda bu qərarın qəbul edilməsinə dünyanın 130 dövləti tərəfindən müsbət rəy bildirilməsi problemin aktuallığı ilə yanaşı Prezident İlham Əliyevin təşəbbüsünə yüksək diqqətin təzahürü kimi də qiymətləndirilib. Çünki dünyada ayrı-ayrı ölkələr arasında fikir ayrılıqlarının dərinləşməsi, qlobal xarakter kəsb edən problemlər fonunda COVİD-19-a qarşı birgə mübarizə vacib amil kimi önə çıxırdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının çağırılması haqqında verilən vacib qərar da ölkə başçısının yüksək hörmət və nüfuzunun bariz göstəricisi idi. Bununla da pandemiya dövründə Azərbaycan Prezidenti İlham Əliyev bir daha beynəlxalq həmrəyliyə və əməkdaşlığa sədaqətin bariz nümunəsini nümayiş etdirdi. COVİD-19-a qarşı mübarizədə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmağı, 30-dan çox ölkəyə humanitar yardım göndərməsi bunun əyani təzahürü hesab edilir”
Sevinc Hüseynova əlavə edib ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu, nüfuzlu, çiçəklənən bir dövrünü yaşayır: “Bu mənada sözsüz ki, II Qarabağ müharibəsi ilə 44 gündə BMT-nin çıxarmış olduğu 4 məlum qətnaməni təkbaşına icra edən Azərbaycan beynəlxalq hüquqa olan mövqeyini də nümayiş etdirmiş olub. Artıq dünyada nüfuzu günü-gündən artan və regionda aparıcı aktora çevrilən Azərbaycan qlobal təşəbbüslərin ünvanına çevrilib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasi strategiyanın əsasında mümkün olan tarixi bir reallıqdır”.