Yeni Azərbaycan Partiyası tarixi bir dönəmdə yaranmış siyasi təşkilatdır. Yarandığı vaxtdan ətrafına çoxlu sayda təəssübkeş toplayan siyasi təşkilat kimi YAP Azərbaycan cəmiyyətdə böyük nüfuz qazanmağa nail olub. Azərbaycanın ən ağır dövründə Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin partiyası kimi xalqın inandığı və güvəndiyi güclü siyasi təşkilata çevrilib. Ölkəmizin müstəqilliyinin ilk illərində düşmüş olduğu tarix sınaq qarşısında xalq məhz YAP ətrafında birləşməklə işıqlı və aydın gələcəyə doğru addım atıb.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, ulu öndərin “Dünənin, bu günün, gələcəyin partiyası” adlandırdığı YAP Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur: “Ağır sınaqlardan çıxan YAP hər zaman cəmiyyətin yekdil dəstəyi ilə əhatə olunub. Bu Partiyaya xalq Ulu Öndər Heydər Əliyevin Partiyası olduğu üçün hər zaman yüksək sevgi ilə yanaşıb. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasına sədrliyi dövrü isə yeni çağırışlar və müasir dövrün tələbləri səviyyəsində olan siyasi fəaliyyət modeli ilə xarakterizə edilib. Cənubi Qafqazın güclü siyasi, monolit təşkilatı olan YAP 1993-cü ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanıb”.
Deputat deyib ki, 700 mindən çox üzvü olan YAP regionun və dünyanın ən güclü siyasi təşkilatları ilə də çox sıx əməkdaşlığa malikdir: “ “Xalqımız ulu öndər Heydər Əliyev ideyalarını öz fəaliyyətində rəhbər tutan Yeni Azərbaycan Partiyasına hər zaman böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşıb. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar çərçivəsində Yeni Azərbaycan Partiyası da müasir çağırışlara və tələblərə daha çevik cavab vermək üçün Nizamnaməsinə bir sıra yeni siyasi mexanizmlər daxil edilib. Bu mexanizmlərin tətbiqi ölkəmizin siyasi həyatının yeni formalaşmış konfiqurasiyada güclü və hakim mövqeyə malik olmaq YAP üçün daha geniş imkanlar yaradıb. Partiya həyatında vacib dəyişikliklər onun siyasi təşkilat kimi mövqeyini və gücünü daha da artırmağa hesablanıb. Bu mənada 5 mart 2021-ci il də baş tutmuş Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkə həyatında çox mühüm ictimai-siyasi hadisə kimi qarşılandı”.
Aqil Məmmədova görə, YAP-ın VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar, tarixi hadisələrin baş verdiyi dövrə təsadüf edib: “2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı. Bu tarixi Zəfərlə bölgədə və ölkəmizin ictimai-siyasi həyatında yeni reallıqlar yaranıb. Ölkəmizdə bütün sahələri əhatə edən islahatlar sözsüz ki. siyasi sferanı da əhatə edib. Məhz bunun nəticəsində artıq Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşıb”.