
Cari ilin 21 dekabrına Prezident İlham Əliyevin Serbiya prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata verdikləri birgə bəyanatda iki tərəfli əlaqələrə dair bir sıra vacib mesajlar səsləndirildi. Gələcək əməkdaşlıq üçün zəmin yaradan amillər üzərində qurulan münasibətlərdən bəhs edildi. Serbiya və Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət aparan, bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsi istiqamətində də mühüm addımlar atılır. Artıq hər iki ölkənin hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verilib. Məhz bu amillər onu deməyə əsas verir ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaq.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanla Serbiya arasında bir çox sahələr üzrə əməkdaşlığın böyük tarixi var: “Serbiya və Azərbaycan strateji tərəfdaşdır. Strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb. Ölkələrimiz hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Sözsüz ki, bu qarşılıqlı dəstək və əlaqələrin yüksək səviyyədə inkişafı tendensiyası bundan sonra da davam edəcək. Bu baxımdan da ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrinin olacağı proqnozlaşdırılır. Çünki əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq”.

Millət vəkili hesab edir ki, hər iki ölkə arasında nəqliyyat-logistika sahəsində də böyük potensial var: “Nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Burada da uzlaşma və bağlantının yaradılması üçün dövlətlərin müvafiq qurumları fəal işləməlidir. Bu istiqamətdə aidiyyati qurumlar arasında təmaslar artıq yaranıb. Təbii ki, energetika sektoru ölkələrarası əməkdaşlığın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir. Azərbaycanın enerji resursları Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə çatdırılır. Məhz bu zərurətdən həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar mövcuddur. Artıq gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılması nəzərdə tutulur”.
Sevinc Hüseynova bildirib ki, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb: “Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Eyni zamanda Azərbaycanla Serbiya müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətləri istiqamətində mühüm addımlar atmaqla bağlı razılığa gəlib. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir. Bütün bunların fonunda Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq müsbət proqnozlar formalaşır. Çünki ikitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulub”.