İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə əlaqədar tarixi Sərəncamın imzalanması yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədinə hesablanıb. Bu Sərəncamda 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi öz əksini tapıb. Dövlət Proqramının əhatə dairəsi işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəricilərindən ibarətdir. Eyni zamanda Dövlət Proqramının prioritet istiqamətlərində əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələrlə bağlıdır. Burada həmçinin ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb: “Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Burada həmçinin qlobal trendlər də öz əksini tapıb. İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetlərinə istinad edilib. Sözsüz ki, Proqramın strateji prioritetləri olduqca böyükdür. Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılıb”.
Deputat hesab edir ki, burada başlıca prinsip ərazilərin bərpası və yenidən qurulması prosesinin institusional əsaslarının formalaşmasıdır: “Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq. Həmçinin , dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması mümkün olacaq. Eyni zamanda dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir. İnstitusional mexanizmlər postmüharibə dövrünün ilk günlərində təsis edilib. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb. Atılan bütün bu addımlar strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllində peşəkar idarəetmə sisteminin formalaşmasına xidmət edir”.
Millət vəkilinə görə, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafın və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır: “İşğaldan azad olunmuş ərazilərin logistik əhəmiyyətini artıran yeni yolların inşasına 2020-ci ilin noyabr ayından etibarən başlanılıb. Azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri icra olunub. Qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılıb. Burada başlıca prinsip isə işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulmasıdır. Bununla regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması başlıca hədəf kimi müəyyənləşib. Həmçinin layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Artıq bölgənin rabitə infrastrukturu əsaslı şəkildə şaxələnir. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər – mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilib. Ətraf mühitin mühafizəsinin təmin olunması, təbii ehtiyyatlardan effektiv istifadə və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi təşviq olunub. Məhz bu baxımdan “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqini göstərmək olar. Ümumilikdə isə Dövlət Proqramının strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilib. Sözsüz ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir. Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi həyata keçirilir”.
Sevinc Hüseynova bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcək: “Şəhərsalma tədbirləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şərtlərin təsiri altında dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyaları nəzərə alınacaqr. Başlıcası isə Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsidir. Bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması vacibdir. Bununla yanaşı məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır. Bütün bunlarla yanaşı işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir. Həmçinin burada məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi əsas vəzifələr sırasındadır. Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, ərazilərdə məskunlaşacaq əhali üçün müxtəlif dövlət xidmətlərinə (“ASAN” xidmət və DOST mərkəzləri və s.) universal çıxış təmin edilməsi vacib amildir. Başlıca olaraq isə Dövlət Proqramının icrası prosesi üzərində şəffaf nəzarətin təmin olunmasıdır. Proqramının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaq. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilib. İlkin nəticələr Dövlət Proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edir”.