Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı” təsdiq olunub. Bu sənəd işğaldan azad olunmuş ərazilərimizdə yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması baxımında tarixi Sərəncamdır. Eyni zamanda bu Dövlət Proqramı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi üçün olduqca mühüm strateji əhəmiyyətli sənəddir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, strateji çağırışların əks olunduğu Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirləri əhatə edir. Hamıya məlumdur ki, Azərbaycan işğaldan azad etdiyi torpaqları öz gücü və imkanları hesabına bərpa edir. Bu, Azərbaycanın iqtisadi qüdrətinin ən bariz göstəricisidir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” isə dövlətimizin siyasi iradəsinin növbəti dəfə nümayişidir.
Proqramın strateji məqsədlərinə diqqət çəkən millət vəkili Tamam Cəfərova qeyd edib ki, dövlət proqramında nəzərdə tutulan strateji məqsədlər içərisində ilk öncə əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə Ağalı kəndində həyata keçirilmiş pilot layihəni xüsusilə qeyd etməliyik. Məlumdur ki, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilib. Ağalı kəndi faktiki olaraq yenidən qurulub. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Əhalinin firavan yaşaması üçün bütün məsələlər nəzərə alınıb. Burada təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf əsas amillərdir. Burada əhalinin rifahının təmin olunması üçün bütün nüanslar nəzərə alınıb. Bu baxımdan Dövlət Proqramında əhalinin dayanıqlı məskunlaşması, rifah halının yaxşılaşdırılması, təhlükəsiz həyat şəraitinin və məşğulluğunun təmin olunması eləcə də, bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyası üçün bütün mühüm amillər nəzərə alınmışdır. Onu da deməliyik ki, Azərbaycan dövləti bu proqramı qəbul etməklə dünyaya göstərir ki, biz öz hərbi-siyasi gücümüzlə torpaqlarımızı işğaldan azad etmişik. İkincisi ölkədə mövcud olan siyasi iradə və sabitlik imkan verir ki,, azad edilmiş şəhər və kəndlərimizi yenidən quraq. Üçüncüsü isə, günü-gündən artan iqtisadi qüdrətimiz hesabına Azərbaycan bütün bərpa- quruculuq işlərini özü təkbaşına görür.
Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova bildirib ki, işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işlərinin qarşısında ən ciddi maneə ərazilərin erməni vandalları tərəfindən minalarla çirkləndirilmiş olmasıdır. Bu gün Azərbaycan, ərazilərin yenidən qurulmasını həyata keçirməklə bərabər, mina terroru ilə də fəal şəkildə mübarizə aparır. Bu baxımdan deməliyik ki, Dövlət Proqramında ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir. Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, həmçinin onların daşınması və zərərsizləşdirilməsi, minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış ərazilərin nişanlanması, müvafiq xəritələrin tərtibi və elektron məlumat bazasına daxil edilməsi, eləcə də xəritələrin şəhər və rayon mərkəzlərində yerləşdirilməsi qeyd olunan istiqamətdə atılacaq zəruri addımlardır.Əlbəttə, bütün bunlar əhalinin təhlükəsiz həyat şəraitinin təmin olunması baxımından olduqca mühüm məsələlərdir.
Daha sonra millət vəkili Tamam Cəfərova bildirib ki, Dövlət Proqramının prioritet istiqamətləri içərisində dövlət sərhədlərinin toxunulmazlığı xüsusi əhəmiyyət kəsb edir. Deputat qeyd edib ki, Dövlət Proqramının prioritet vəzifələrinin həyata keçirilməsi üzrə mühüm istiqamət işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsinin, eləcə də polis nəzarətinin təşkili, habelə mümkün təhdidlərin qarşısının alınmasıdır. Əlbəttə bütü bunlar bölgədə hərbi potensialımızın artırılması və möhkəmləndirilməsini nəzərdə tutur. Bu, Ermənistandakı revanşist dairələrə, onların havadarlarına və Xankəndidəki separatçılara ciddi mesajdır.
Deputat vurğulayıb ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı” tarixi torpaqlarımızın ölkəmizin müasir inkişaf dinamikasına reinteqrasiya olunması baxımından olduqca mühüm konseptual sənəddir: “Həmçinin, Dövlət Proqramı Azərbaycanın gücünün və qüdrətinin daxili və xarici auditoriyaya bir daha nümayiş olunması baxımından da mühüm əhəmiyyət kəsb edir”.