Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri tarixi əhəmiyyətə malikdir. Azərbaycanla Pakistan əlaqələri iki qardaş ölkə arasında olan münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində formalaşıb. Bu mənada hər iki dövlət bir-birinin mövqeyini dəstəkləyib. Pakistan Ermənistanın ərazilərimizi işğalda saxladığı dövrdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Vətən müharibəsində də Pakistan Azərbaycana birmənalı dəstək verib.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, Pakistan Azərbaycan ərazilərini işğal etdiyinə görə, Ermənistanla diplomatik münasibətlər qurmayan dövlətdir: “Bu baxımdan da Prezident İlham Əliyevin cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verilmiş birgə bəyanatında olduqca vacib mesajlar səsləndirilib. Artıq Azərbaycan özünün ərazi bütövlüyünü təmin etməklə bölgədə sülhə və təhlükəsizliyə başlıca əngəl olan işğal siyasəti sona çatdırılıb. Ölkəmiz regionda qalıcı sülhün bərqərar olması üçün təşəbbüslərlə çıxış edir. Təbii ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri var. Amma Ermənistan siyasi iradə nümayiş etdirməklə bölgədə sülhə nail olmaq mümkündür”.
AQSİA sədrinə görə, burada başlıca şərt Ermənistan tərəfindən Qarabağ da daxil olmaq Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır: “Pakistan bu müstəvidə də Azərbaycanın mövqeyini dəstəkləyir. Eyni zamanda Azərbaycan da Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək bundan sonra davam edəcək. Ölkələrimizin digər vacib məsələlərdə və bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirəcək. 44 günlük müharibə dövründə də Türkiyə və Pakistan Azərbaycanla bir yerdə oldu. Müharibədən sonra da ölkələr arasında perspektiv əməkdaşlıq istiqamətləri üzərində qarşılıqlı əlaqələr genişləndirilir. Azərbaycanla Pakistan arasında ticarət və sərmayə, eyni zamanda enerji məsələsində perspektiv imkanlar var. Müdafiə sənayesi sahəsində də əməkdaşlığın müxtəlif istiqamətləri mövcuddur”.
Səkinə Babayeva Azərbaycanla Pakistan arasında təhsil sahəsində əməkdaşlığın böyük potensialından bəhs edib: “Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Ötən il sadəcə 100 tələbə təhsil alırdı. Məhz bu fakt təhsil sahəsində olan əməkdaşlığın xarakterini göstərir. Qarşıdakı perspektivdə müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi proqnozlaşdırılır”.