Ermənistan və ona havadarlıq edən qüvvələrin təxribatları son günlər ardıcıl xarakter almağa başlayıb. Hər zaman mühüm danışıqlar və görüşlər öncəsi Ermənistan tərəfi bu cür hərbi təxribatlara əl atır. Məqsəd prosesi pozmaq, qeyri-müəyyənlik yaratmaq və bununla da vaxt qazanmaqdır. Məhz Azərbaycan-Ermənistan şərti sərhəd xəttində erməni tərəfinin səngiməyən təxribatları, eyni zamanda hələ də Azərbaycan ərazisində qalmaqda olan qanunsuz erməni silahlılarının təxribatları bu ssenariyə uyğun davam etdirilir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun fikrincə, bütün bunlar onu göstərir ki, Ermənistan hələ də köhnə xislətindən əl çəkmir: “Daima qonşularına qarşı ərazi iddiasında olan Ermənistan bu xəstə təfəkkürdən xilas ola bilmir. Özlərini Qafqazda az qala müstəsna xalq kimi təqdim edən ermənilər burada hər şeyin onlara məxsusluğu ilə bağlı absurd iddialarla çıxış edir. Azərbaycan torpaqlarında yaradılmış olan saxta Ermənistan dövləti dünən də, bu gün də başqaları üçün bir vasitədir. Bu ölkə ancaq kənar güclər üçün oyuncaqdır. Ermənistan həmişə kimlərinsə sifarişləri ilə idarə olunub və bu reallıq indi də dəyişməyib”.
Deputat hesab edir ki, II Qarabağ müharibəsində döyüş meydanında məğlub olan, Azərbaycanın güclü Ordusu qarşısında özünün acizliyini bəyan edən bir dövlətin yenidən hərbi təxribatlara əl atması tamam başqa mətləblərdən xəbər verir: “Çünki bu gün Azərbaycanın Güclü Ordusu qarşısında dayana biləcək erməni ordusu yoxdur. Onlar sadəcə olaraq məhz bu cür təxribatlar törətməklə diqqəti cəlb etməyə çalışırlar. Məqsədləri Ermənistanada olan Avropa İttifaqının missiyasına daha çox hesabat vermək, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdir”.
Millət vəkilinə görə, Laçında Azərbaycan-Ermənistan sərhəddinin girişində qurulmuş post ölkəmizin qanunlarına, beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir: “Bu baxımdan erməni tərəfinin Laçın postunda xidmət edən hərbiçilərimizə qarşı hücumu qətiyyətlə pislənilir. Bu açıq şəkildə növbəti dəfə beynəlxalq hüququn Ermənistan tərəfindən pozulması deməkdir. Təbii ki, heç vaxt hüquq anlayışına əməl etməyən bir dövlət üçün bu yanaşmalar qəbul edilmir. Amma Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşan Güclü Ordumuz, sarsılmaq iradəmiz sayəsində milli maraqlarımız indiyə qədər olduğu kimi bundan sonra da qətiyyətlə qorunacaq. Ermənistan və ona havadarlıq edənlər növbəti dəfə hərbi-siyasi müstəvidə biabırçı məğlubiyyətlə üzləşəcəklər”.