Prezident İlham Əliyevin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı mühüm əhəmiyyətə malikdir. Azərbaycanın bu təsisatda təmsil olunan ölkələrlə Ermənistan istisna olmaqla sıx iqtisadi-ticarət və qarşılıqlı əlaqələri mövcuddur. Ölkəmizlə Avrasiya İqtisadi Şurası arasındakı əlaqələrin xarakteri ikitərəfli əsasda 5 milyard yaxın ticarət dövriyyəsinin olması ilə isbat oluna bilər. Bu reallıq Azərbaycanla Avrasiya İqtisadi Şurası arasındakı münasibətlərin daha geniş spektorda inkişaf etdiyi, qarşıdakı dövrdə bu münasibtlərin yeni məcraya yüksələcəyinə əminlik yaradır.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın mövcud hərtərəfli dayanıqlı inkişafı və müstəqil iqtisadi siyasəti bu amillərin təmin olunmasında başlıca faktordur: “Sözsüz ki, bu amillər ölkəmizə müstəqil xarici siyasət aparmağa və daha geniş spektorda münasibətlər qurmağa imkan verir. İndiki mərhələdə Azərbaycan Prezidentinin Avrasiya İqtisadi Şurasında yalnız qonaq kimi iştirak etməsinə baxmayaraq, ölkəmizin bu təsisata üzvlüyü müzakirə mövzusu deyil. Təbii ki, Azərbaycan üzv olmadığı platformalarla o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı ilə iki tərəfli münasibətlər qurub. Bu bir faktdır ki, Ermənistan istisna olmaqla, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə 30 il ərzində uğurlu əməkdaşlıq qurmağa nail olub. Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib ki, bu da münasibətlərin inkişaf tempini göstərir. Eyni zamanda təsisatla ölkəmiz arasında bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il isə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faiz həcmində olub”.
Deputat bildirib ki, bu gün Azərbaycan regionun sürətli inkişafına zəmin yaradacaq Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib təşəbbüslə çıxış edir: “Bununla yanaşı Azərbaycanın regional iqtisadi layihələrin icrasında rolu böyükdür. Bunun üçün Azərbaycanın iqtisadi potensialı, ilə yanaşı logistika sahəsində imkanları da genişdir. Ölkəmizdə 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib istismara verilib. Laçında inşası sürətlə davam edən doqquzuncu beynəlxalq aeroportun isə 2025-ci ildə istismara verilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycan illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Bütün bu reallıqlar isə uğurlu iqtisadi siyasətin bariz nümunəsi hesab edilir”.
Komissiya sədrinə görə, BMT-dən sonra ikinci böyük təsisat olan və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan artıq regional müstəvi ilə yanaşı qlobal təşəbbüslərin müəllifi və icraçısıdır: “Sözsüz ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün yeni bir inkişaf xarakterinə sahib olub. Təbii ki, Azərbaycan özünün sülh gündəliyinə sadiq olduğunu və irəli sürdüyü təşəbbüslərin də məhz buna uyğun reallaşmasını vacib amil kimi önə çəkir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi sülhə nail olmaq üçün imkanlar mövcuddur. Amma bütün bunların fonunda Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ortaya atılan ittihamlar əsassız və absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar bunun mahiyyətini yaxşı bilir. İndiki reallıqda Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı nəzərə alınsa sülh sazişinə nail olmaq üçün imkanların olduğunu görmək mümkündür. Əslində Azərbaycanı bir çox məsələlərdə ittiham edənlər növbəti dəfə yanılırlar. Çünki Azərbaycan heç bir dəhlizi bloklamayıb və Laçın-Xankəndi yolu sivil insanların gediş-gəlişi üçün tam açıqdır. Bu yolda Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qurduğu post ölkəmizin üzərinə düşən təhlükəsizliyin ən yüksək səviyyədə təmin olması ilə bağldır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan güclü dövlətdir və o öz qarşısına qoymuş olduğu məqsədlərə Prezident İlham Əliyevin qətiyyəti sayəsində nail olacaq”.