Prezident İlham Əliyevin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı vacib əhəmiyyətə malikdir. Ölkəmizin Avrasiya İqtisadi Birliyi üzv ölkələri ilə Ermənistan istisna olmaqla sıx iqtisadi-ticarət və digər müstəvilərdə əlaqələri mövcuddur. Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərlə Azərbaycanın ikitərəfli əsasda ticarət dövriyyəsi həcmi 5 milyard dollara yaxındır. Bu amil əlaqələrin hansı səviyyədə qurulmasını göstərən mühüm faktorlardan biri hesab olunur.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqqil Məmmədov deyib.
Millət vəkili bildirib ki Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü müzakirə mövzusu deyil: “Fakt isə odur ki, Azərbaycan üzv olmadığı platformalardan və təsisatlardan da heç vaxt kənarda durmur. Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında münasibətləri bu mənada xüsusi olaraq nümunə kimi göstərmək olar. Bu kontekstdə Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı son 30 ildə uğurla inkişaf edərək indiki səviyyəyə yüksəlib. Məhz bu reallığın nəticəsi olaraq keçən il ölkəmizlə bu təsisat arasında olan əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar həcmində müəyyənləşib. Eyni zamanda bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmində 38 faiz artım qeydə alınıb. Bütün bunların fonunda keçən il AİB-ə daxil olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın təşkil edib”.
Deputat vurğulayıb ki, bu gün ölkəmiz regionun yeni arxitekturasının müəyyənləşməsində mühüm vasitə olacaq və qarşılıqlı iqtisadi inkişafa zəmin yaradacaq Zəngəzur dəhlizinin layihəsinin təşəbbüskarıdır: “Sözsüz ki, Azərbaycanın bu bölgədə bir sıra vacib iqtisadi layihələrin icrasında rolu və təşəbbüsü olduqca əhəmiyyətlidir. Ölkəmizin iştirakı və təşəbbüsü olmadan bu bölgədə heç bir layihə reallığa çevrilə bilmir. Bu baxımdan Azərbaycanın regional və qlobal miqyasda həyata keçirdiyi layihələr diqqətlə izlənilir. Azərbaycanın iqtisadi potensialı ilə yanaşı logistika sahəsində imkanları da olduqca böyükdür. Ölkəmizdə 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad olunmuş ərazilərdə yerləşir. Füzuli və Zəngilanda mövcud olan beynəlxalq aeroportlar son iki ildə tikilib istifadəyə verilib. Doqquzuncu beynəlxalq aeroportun isə Laçında tikintisi sürətlə davam edir ki, onun 2025-ci ildə istismara veriləcəyi gözlənilir. Eyni zamanda ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Sözsüz ki, bütün bu uğurların əldə olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin xarakterinin növbəti təzahürü hesab edilir”.
Aqil Məmmədov 4 ildir Azərbaycan 120 dövləti birləşdirən BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməklə yeni bir yanaşma, konsepsiyası ortaya qoyub: “Ölkəmiz sülh gündəliyinə sadiq qalaraq II Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması prisipi ilə 5 bənddən ibarət sülh konsepsiyası təklif edib. Bu baxımdan da regional əməkdaşlığın və kommunikasiya xətlərinin açılamsı, bunun fonunda Zəngəzur dəhlizinin işə düşməsi heç də hansısa bir dövlətin ərazi bütövlüyünün pozulması və yaxud Azərbaycanın ərazi iddiası ilə bağlı deyil. Bu mənada Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar bunun mahiyyətini yaxşı dərk edir. Amma prosesdə müəyən irəliləyişlərin olması da mümkündür. Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var. Sözsüz ki, Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham edənlər növbəti dəfə öz cəfəng yanaşmaları ilə fiaskoya uğradılar. Çünki Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Azərbaycan dövləti Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində sözsüz ki, bundan sonra da özünün suverenliyini qorumaqla yanaşı maraqlarının da ən yüksək səviyyədə təmin olunması prinsipini davam etdirəcək”.