Prezident İlham Əliyevin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin Avrasiya İqtisadi Birliyi üzv ölkələri ilə Ermənistan istisna olmaqla sıx iqtisadi-ticarət əlaqələri var. Bu təşkilata üzv olan ölkələrlə Azərbaycanın ikitərəfli əsasda 5 milyard yaxın ticarət dövriyyəsi mövcuddur. Məhz bu reallıq münasibətlərin xarakterini göstərən vacib amildir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanın dayanıqlı və özünü təmin edən müstəqil iqtisadiyyatı və xarici siyasəti var: “Bu amil ölkəmizə müstəqil xarici siyasət yürütməyə imkan verir. Sözsüz ki, tədbirdə yalnız qonaq kimi iştirak edən Azərbaycan bu təsisata üzvlüyü müzakirə mövzusu deyil. Ümumilikdə isə Azərbaycan üzv olmadığı platformalardan heç vaxt kənarda qalmır. Misal kimi Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında münasibətləri göstərmək olar. Məhz bu kontekstdə Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edib. Bunun nəticəsi olaraq ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub”.
Millət vəkili hesab edir ki, Azərbaycan regionun sürətli inkişafına səbəb olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir: “Təbii ki, ölkəmizin regional iqtisadi layihələrin icrasında rolu olduqca böyükdür. Azərbaycanın həm iqtisadi potensialı, həm də logistika sahəsində imkanları olduqca genişdir. Hazırda ölkəmizdə 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Bu da uğurla həyata keçirilən müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amili hesab edilir”.
Deputat bildirib ki, artıq dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir: “Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisat olmaqla Azərbaycanın sədrliyi dövründə özünün yeni bir inkişaf strategiyasına yüksəlib. Ölkəmiz məhz bütün bunların fonunda özünün sülh gündəliyindən kənara çıxmır. Faktiki olaraq sülh gündəliyi öz aktuallığını qoruyur. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Bu mənada Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar bunun mahiyyətini yaxşı bilir”.
Sevinc Hüseynova vurğulayıb ki, Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var: “Bu gün Azərbaycanı bir çox məsələlərdə ittiham edənlər yanılırlar. Çünki Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin qəti sayəsində əldə edilən tarixi uğurlar ölkəmizin bütün platformalarda uğurlarının təmin olunmasına imkan yaradacaq”.