Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva 18-19 may tarixində Tatarıstanın paytaxtı Kazan şəhərində “Rusiya- İslam dünyası” Kazan Forum 2023 Beynəlxalq iqtisadi forumda iştirak edib.
Assosiasiya sədrini Tatarıstan Milli Məclisinin üzvü Albina Nasrullayeva qarşılayıb.
Tədbir Tatarıstan Respublikasının Dövlət Şurası, Əmək, Məşğulluq Nazirliyi və Tatarıstan Respublikasının sosial müdafiəsi, “Merhamet” dövlət qadın deputatlarının birliyi və Tatarıstan Respublikası Şurasının təşkilatçılığı ilə keçirilib. Eyni zamanda “İnternational Consultancy” şirkətinin baş direktoru Zəhra Xəlil Baker-in moderatorluq etdiyi “Sahibkar Qadınlar: Ailə və Biznes Balansı” adlı paneldə AQSİA sədri Səkinə Babayeva ilə yanaşı BƏƏ kansler-nazir müavini, sığorta müşaviri Fatimə Məhəmməd İshaq Əl Avadhi, Wildberries şirkətinin baş direktoru Tatyana Bakalchuk, Özbəkistan Qadın və Qızlar Assosiasiyasının prezidenti Nəsibə Miradilova, BƏƏ-də Celestia Britain’in qadın sahibkarlar üçün ilk rəqəmsal jurnalın icraçı direktoru Sandy Saxena da iştirak edib.
AQSİA sədri Səkinə Babayeva assosiasiya haqqında və əməkdaşlıq edilən yerli və beynəlxalq təşkilatlar haqda məlumat verib. Ölkəmizdə dövlətin qadın sahibkarlığına dəstəyi və qadınlara yönələn layihələr haqda ətraflı danışan assosiasiya sədri bildirib ki, günü gündən inkişaf edən assosiasiyamız həm regional, həm də beynəlxalq tərəfdaşlarla yeni işlərə hazırlaşır.