
Azərbaycan hər zaman sülh tərəfdarı olub. Ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilən zaman da Azərbaycan məsələnin sülh yolu ilə həllinə çalışıb. 30 ilə yaxın ölkəmizin sülh müstəvisinə sadiq qalması bunun əyani təzahürüdür. II Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsiplərini özündə ehtiva edən sülh konsepsiyası təklif edib. Artıq Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyün təmin edib və bölgədə sülhə başlıca əngəl Ermənistanın işğal faktına son qoyulub. Ona görə də, Cənubi Qafqaz regionunda qalıcı sülhün təmin edilməsi üçün ölkəmiz müxtəlif platformalarda bu istiqamətdə ardıcıl olaraq təmsil olunur, təşəbbüslərlə çıxış edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Vaşinqton və Brüssel danışıqları sülh müstəvisində tərəflərin mövqelərini müzakirəsi baxımından əhəmiyyətli platformadır: “Azərbaycan həm Avropa İttifaqının həm də ABŞ-ın sülh müstəvisindəki vasitəçiliyinə önəm verir. Ölkəmizin mövqeyi dövlətlərin ərazi bütüvlüyü və suverenliyinin tanınması, qəbul edilməsi fonunda fundamental sülhün təmin olunmasına hesablanıb. Bu istiqamətdə Azərbaycanın ortaya qoyduğu mövqe birmənalıdır. Çünki üçüncü tərəflərin burada hansısa maraqlarının olub-olmamasından asılı olmayaraq ölkəmizin qəti mövqeyi onun milli maraqlarının təmin olunmasıdır”.
Millət vəkili ötən həftə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə də sülh müstəvisində vacib məsələlərin müzakirə olunduğunu söyləyib: “Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə bağlı işlərini davam etdirib. Ümumilikdə isə bu görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülhə doğru müsbət addım kimi dəyərləndirilir. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərə ən yüksək səviyyədə nail olur”.