78 il öncə 9 May 1945-ci ildə faşizm üzərində qələbədə Azərbaycan xalqının xidmətləri olduqca böyük olub. Məhz o dövr müharibə başlayanda Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Bu qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola saldı. Müharibə illərində göstərdikləri igidliyə görə 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə vuruşublar: “Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak edib. Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının qəhramanlığının misilsiz rolu olub. Bu müharibədə Azərbaycanın qəhrəman oğul və qızları adlarını tarixə yazdılar. Xüsusilə qeyd etməliyik ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşüb. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə isə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv edib. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Bu rəşadətlərinə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Eyni zamanda Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırıb. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını alıb. Sözsüz ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri idi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşürdü”.
Millət vəkili Azərbaycan xalqının ikinci dünya müharibəsi illərində arxa cəbhədə də misilsiz xidmətlərindən bəhs edib: Xalqımız ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Məhz bu yüksək xüsusiyyətlərinə görə, Azərbaycan xalqının qəhrəmanlığını və şücaətini hər zaman xatırlamalı, müharibə veteranlarına və onların varislərinə hörmətlə yanaşmalıyıq. Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında bəhs edərkən qeyd edib ki, “Bu qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”. Həmçinin tarixi qələbədə azərbaycanlıların qəhrəmanlığından bəhs edən ulu öndər Heydər Əliyev bildirib ki, “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərib”. Eyni zamanda Prezident İlham Əliyev də 1941-1945-ci illər müharibəsi haqqında danışarkən bildirib ki, “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk. Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik”.
Sevinc Hüseynova Azərbaycan xalqının II Qarabağ müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızı azad etməklə özünün qəhrəmanlıq salnaməsinə şanlı bir tarixi səhifə əlavə edib: “Bu erməni faşizminə, separatizmə vurulan sarsıdıcı zərbə idi. II Dünya müharibəsində xalqlar, dövlətlər faşizmə qarşı mübarizə aparıb qalib gəlmişdisə, Azərbaycan xalqı təkbaşına II Qarabağ müharibəsində erməni faşizminə, işğalçıya separatizmə zərbdə vurdu. Tarixi ədaləti bərpa etdi. Azərbaycan xalqı bir daha özünün fundamental hüquqlarını bərpa etdi. Dünyaya nümayiş etdirildi ki, Azərbaycan xalqı özünə məxsus olanlara sahib çıxmağı, qorumağı və onun işğalda qalmasına qarşı sona kimi mübarizə aparıb zəfər qazanmağı bacarır. Bu gün Şuşada dalğalanan Şanlı Zəfər bayrağımız Azərbaycan xalqının mübarizə əzminin bariz nümunəsidir”.