II Dünya müharibəsində faşizm üzərində qələbədən 78 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının danılmaz töhfəsi olub. Böyük Vətən müharibəsinin başlandığı ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrilib. O dövrdə minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394, 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı. Bütövlükdə, Azərbaycanın 600 min oğul və qızı şanlı döyüş yolu keçərək, qəhrəmanlıq salnamələri yaratmışlar.
Bunu Siyasətinfoya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki. qələbə Azərbaycan xalqına heç də asan başa gəlməyib: “Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 121 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Ziya Bünyadovun, Rəşid Məcidovun Gəray Əsədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçilər Züleyxa Seyidməmmədovanın, Leyla Məmmədbəyovanın, Sona Nuriyevanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşüb. Bununla yanaşı xalqımız arxa cəbhədə də misilsiz xidmət göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışıb. 1941-1945-ci illərdə Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçib. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. Eyni zamanda 1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı. Bakının nefti isə böyük qələbəyə əvəzsiz töhfə idi. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. Sözsüz ki, Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Görkəmli akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft kimyası sahəsində etdiyi ixtiralar isə, ümumilikdə, sovet Azərbaycanının o dövrdə qələbəsi idi. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı”.
Professor bildirib ki, 1941-1945-ci illərdə döyüşlərdə iştirak etmiş insanlardan heç vaxt qayğısını əsirgəməyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev veteranları qızıl fondumuz adlandırırdı: “Ulu öndər qeyd edirdi ki, “onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müharibə veteranlarına olan yüksək diqqət və qayğısını layiqincə davam etdirir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır. Hər il qələbə günü münasibətilə müharibə veteranlarına birdəfəlik maddi yardımlar verilir və ildən-ilə həmin məbləğ artırılır. Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı imzalamışdır. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və Ulu Öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür”.
Hicran Hüseynova hesab edir ki, faşizm üzərində qələbə Azərbaycan xalqının fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir: “2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə daha bir faşizmə-erməni faşizminə son qoyuldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi və hərbi müdrikliyi, rəşadətli, qəhrəman Ordumuzun igidliyi, xalqımızın cəsarəti nəticəsində 30 ilə yaxın davam edən erməni faşizmi məhv edildi. Bu gün də Azərbaycan regionda və dünyada sülh və təhlükəsizliyin təmin olunması üçün öz layiqli töhfəsini verir”.