9 May faşizm üzərində qələbədən 78 il ötür. 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan övladlarının töhfəsi əvəzolunmaz olub. Müharibə başlayanda Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrilmişdi. Bu qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının qəhramanlığının misilsiz rolu olub: “Bu müharibədə Azərbaycanın qəhrəman oğul və qızları adlarını tarixə yazdılar. Xüsusilə qeyd etməliyik ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşüb. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə isə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv edib. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Bu rəşadətlərinə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Eyni zamanda Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırıb. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını alıb”.
Deputat bildirib ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olub: “Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan neftçilərinin əməyi dövrün tanınmış siyasətçiləri, hərbçiləri tərəfindən də yüksək qiymətləndirilib: “Sovet ittifaqı marşalı Georgi Jukov Bakı neftçilərinin əməyini qiymətləndirərək qeyd edib ki, “Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində Qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi”. Sovet ittifaqı Marşalı Konstantin Rokosovski isə bildirib ki, “Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur”.
Tamam Cəfərova bütün bunlarla yanaşı, Azərbaycan xalqı arxa cəbhədə də misilsiz hünər göstərdiyini söyləyib: “Xalqımız ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Məhz buna görə də Böyük Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlığını və şücaətini hər zaman xatırlamalı, müharibə veteranlarına və onların varislərinə hörmətlə yanaşmalıyıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik”.