Bu il müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin tarixində əlamətdar hadisə kimi qeyd edilir. Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad olunur. Onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə bir daha nəzər yetirilir. Eyni zamanda dahi liderin demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində misilsiz xidmətləri, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verməsi bir daha xatırladılır. Məhz bu reallığı özündə birləşdirən humanizm, mərhəmət və insanpərvərlik ənənələri ölkəmizdə uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2023-cü il mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı də məhz bu bəşəri, insani dəyərlərə olan yüksək qiymətin bazir nümunəsidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkə başçısının hümanist qararı ilə cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inamımız böyükdür: “Çünki bu cür yüksək qərarlar məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq verilir”.
Deputat bildirib ki, ölkə başçısının Sərəncamına əsasən 801 məhkum əfv olunub: “Onlardan 463-ü azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Eyni zamanda əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-i cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunub. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcək. Bununla yanaşı Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib”.
Millət vəkili hesab edir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.: “Müqayisə üçün qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul edilmiş Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır. Məhz Dahi Liderin 100 illik yubileyi günü yüzlərlə ailədə sevinc yaşanacaq, insanlar öz doğmalarına əzizlərinə qovuşacaq. Bu bir daha Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoymuş olduğu hümanizm dəyərlərinə, insan faktoruna verilən yüksək qiymətin əyani təzahürü hesab edilir”.