Prezident İlham Əliyev mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında vacib məsələlərə toxunub. Şuşanın Azərbaycanın tarixində xüsusi yerini nəzərə alsaq belə bir mötəbər tədbirin məhz bu qədim şəhərimizdə keçirilməsi xüsusi önəm kəsb edir. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi ilə əlaqədar olaraq Şuşada, Onun sevdiyi qədim şəhərimizdə beynəlxalq konfransın təşkili vacib əhəmiyyətə malikdir. Artıq Azərbaycanda və ölkə hüdudlarından kənarda “Heydər Əliyev İli” çərçivəsində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə həsr edilmiş çoxsaylı tədbirlər, konfranslar təşkil olunur. Bu mənada Şuşada keçirilən məhz belə bir əhəmiyyətli tədbirin mahiyyəti və burada verilən müsajların ünvanı aydın hədəflərə doğru istiqamətlənib.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi: “Azərbaycan xalqı müzəffər Ordumuz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu tarixi missiyanı icra etdi. Şuşa Ermənistanın işğalından azad edildi. Bununla da ulu öndər Heydər Əliyevin arzusu gerçəkləşdi. Ona görə də, Azərbaycan xalqı bununla fəxr edir. Bu gün Azərbaycan özünün dünya birliyi tərəfindən qəbul edilən ərazi bütövlüyü daxilində qurub-yaratmaqla məşğuldur. II Qarabağ müharibəsindən sonra Azərbaycan yeni bir reallıq yaradıb. Sözsüz ki, bu dövlətlərin ərazi bütövlüyü və milli maraqlarının təminatı fonunda baş verəcək inkişafı xarakterizə edir. Bu baxımdan da Azərbaycan inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə istiqamətlənmiş sülh və inkişaf konsepsiyası irəli sürüb. Məhz bu konteskdə Azərbaycan Ermənistana müharibədən qısa zaman sonra sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürüb. Azərbaycanın Ermənistana təklif etdiyi 5 prinsip əsasında müəyyənləşmiş sülh konsepsiyası beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur”.
Deputat hesab edir ki, qardaş Türkiyə ilə Azərbaycan arasında imzalanmış tarixi Şuşa Bəyannaməsinin imzalanması mühüm əhəmiyyət kəsb edir: “Bu bəyanatla Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq oldu. Bu gün Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayır hətta onu gücləndirir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib”.
Millət vəkili bildirib ki, Şuşada keçirilən beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev regionda təhlükəsizlik, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasətində aparılan strateji siyasi xəttdən bəhs edib: “Ölkə başçısı həmçinin konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını da əhatəli şəkildə cavablandırıb. Sözsüz ki, bu gün Azərbaycan beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Şuşada keçirilən bu konfransa beynəlxalq səviyyədə maraq mövcuddur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində ardıcıl və mütərəqqi siyasətini uğurla davam etdirir”.
Sevinc Hüseynova vurğulayıb ki, Şuşada keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən “əgər Ermənistan sülh istəmirsə sülh olmayacağını” deməsi qarşı tərəfə və onun havadarlarına verilmiş növbəti mesajdır: “Azərbaycan Prezidenti Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Vaşinqton görüşündə nəticənin əldə olunmasına imkan vermədiyini söyləyib. Prezident bildirdi ki, “Onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər”.