Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir… Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik… Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq… Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.”
Heydər Əliyev
Hər bir xalqın əlverişli tarixi şəraitdə milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq fürsəti əldə etməsi tarixi şəxsiyyət fenomeninin önəmini daha çox ön plana çıxarmışdır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, tarix Ulu öndər Heydər Əliyev fenomeninə bu xalqın xilaskarı olmaq kimi şərəfli bir missiyanı əmanət etmişdi. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq bu missiyanı şərəf və layəqtlə yerinə yetirmiş, 90-cı illərdə müstəqil dövlət kimi Azərbaycanın dünyada öz sözünü deməsinə nail olmuşdur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Ulu öndər Heydər Əliyev dərin zəkası, siyasi strategiyası sayəsində Azərbaycan xalqının dövlətçilik məfkurəsinin özəyini təşkil edən milli birlik və Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsinə nail olunub: “Azərbaycançılıq məfkurəsinin banisi olan Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli mənliyin başlıca məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil edilməsinə nail olub. Sonralar ulu öndər o dövrləri xatırlayaraq bildirirdi ki, “1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”. Ulu öndər Heydər Əliyev həmin dövrdə bütün təzyiqləri müdrik, uzaqgörən siyasəti və Liderlik bacarıqları ilə məharətlə dəf etməyin bacarıb”.
Millət vəkilinə görə, ulu öndər Heydər Əliyevin tarixi şəxsiyyət kimi möhtəşəmliyi bunda idi ki, o, təkcə müstəqil Azərbaycan dövlətini deyil, həm də real tarixin özünü idarə etməli oldu: “Tarixi hərəkətə gətirmək, onu idarə etməklə o, tarixdə şəxsiyyətin həlledici rol oynadığını, tarixi kütlələrin deyil, kütlələrin inandığı, arxasınca getdiyi liderlərin yaratdığını öz fəaliyyəti ilə əyani şəkildə sübut etmiş oldu. Onun azərbaycançılıq nəzəriyyəsi nadir tarixi şəxsiyyətlərə məxsus belə bir imkana istinad edir. Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, Onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Bu mənada ulu öndər Heydər Əliyevin 2001-ci il 10 noyabr tarixində dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi azərbaycançılığın tarixi proqram sənədi hesab edilir”.
Tamam Cəfərova hesab edir ki, ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi: “Ümummilli lider vurğulayırdı ki, “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir”. Sözsüz ki, bu gün Heydər Əliyev siyasətinə sadiqliyin nəticəsində Azərbaycanda dövlətçiliyin möhkəm əsasları təmin olunub. Ulu öndər Heydər Əliyev məktəbinin layiqli siyasi davamçısı olan Prezident İlham Əliyev Azərbaycançılıq ideologiyasını inkişaf etdirərək, daha da möhkəmləndirib. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu Azərbaycançılıq məfkurəsi ətrafında birləşən Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında ən uca zirvələri uğurla fəth edir”.