Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda mühüm tədbir keçirilib. Tədbirin keçirilməsi və qonaqların tərkibi, ölkə başçısının burada vermiş olduğu mesajlar baxımından əhəmiyyəti olduqca böyükdür. Məhz bu beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev regionda təhlükəsizlik, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasətində aparılan strateji siyasi xəttdən bəhs edib. Ölkə başçısı həmçinin konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını da əhatəli şəkildə cavablandırıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi qəbul edilir: “Bu mənada Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Şuşada keçirilən bu konfransa beynəlxalq səviyyədə maraq mövcuddur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində ardıcıl və mütərəqqi siyasətini uğurla davam etdirir. Şuşada keçirilən tədbirə olan münasibət də beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağın əyani ifadəsi kimi qəbul olunur”.
Deputat bildirib ki, Şuşada keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən “əgər Ermənistan sülh istəmirsə sülh olmayacağını” vurğulayıb: “Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Vaşinqton görüşündə nəticənin əldə olunmasına imkan vermədi. Prezident bildirdi ki, “Onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur”.
Aqil Məmmədov hesab edir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev regionda formalaşmış yeni reallığın müəllifidir: “Eyni zamanda Azərbaycan postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibi olan ölkədir. Bununla yanaşı Azərbaycan özünün siyasi-diplomatik müstəvidəki fəaliyyəti ilə daha mütərəqqi ideyalarla çıxış edir. Bu baxımdan Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirən dövlətlərdəndir. Sözsüz ki, regional əməkdaşlıq, sabitlik və inkişafla bağlı Azərbaycanın ortaya qoymuş olduğu təşəbbüslər daha böyük hədəflərə hesablanıb. Çünki Azərbaycan özünün inbkişaf strategiyasına uyğun olaraq regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu birmənalı şəkildə ifadə edib. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə Cənubi Qafqaz regionunda münaqişənin bitdiyini separatizmə sarsıdıcı zərbə vurduğunu bəyan edib. Bu baxımdan ölkəmizin mövqeyi ondan ibarətdir ki, bu regionun çiçəklənməsi naminə sülh və təhlükəsizlik fonunda yeni səhifə açılmalıdır. Ermənistana təklif edilən sülh konsepsiyası də məhz bunu özündə ehtiva edir. Çünki Ermənistanın öz gələcəyi də irəli sürülən təşəbbüslərə adekvat yanaşmadan asılıdır. Təbii ki, bunun nə qədər tez baş verməsi Ermənistanla yanaşı region üçün faydalı olacağı şübhəsizdir”.