Ümumilli Lider Heydər Əliyev hər zaman deyirdi ki, “Cəmiyyətimizi Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı, milli ənənələri prinsipləri əsasında tərbiyə etmək lazımdır. Bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti, milli-mənəvi dəyərləri onun milli sərvətidir…
Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik…”
Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Təcrübə göstərir ki, milli özünüdərk, milli mənlik şüurunun yüksəlişi cəmiyyətlərin inkişafını şərtləndirən əsas faktorlardan biridir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə ulu öndərin hakimiyyəti illərində Azərbaycanın onlarla yazıçı, şair, bəstəkar, rəssam və memarı ulu öndərin səyləri nəticəsində o dövr üçün ən yüksək mükafata – Sosialist Əməyi Qəhrəmanı adına, eləcə də SSRİ Dövlət mükafatına layiq görüldü. Heydər Əliyev ölkə ziyalılarına bu cür qiymət verməklə həm də ədəbiyyat, mədəniyyət sahəsində Azərbaycanın nüfuzunu möhkəmlədirdi. Məhz həmin illərdə Azərbaycanın elm xadimləri öz ideyalarını ölkə iqtisadiyyatının inkişafının əsas istiqamətlərinə yönəltdi. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artırıldı.
Ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Heydər Əliyev 70-ci illərdə hakimiyyətdə olduğu illərdə bugünkü müstəqil Azərbaycanın iqtisadi, sosial və elmi-texniki potensialının hazırlanmasını həyata keçirirdi. Eyni zamanda milli hərbi kadrların yetişdirilməsi də azərbaycançılıq məfkurəsinə xidmət edirdi. Hər il minə yaxın azərbaycanlı gənc ittifaqın nüfuzlu hərbi məktəblərində ordu quruculuğu ilə bağlı akademik biliklərə yiyələnirdi.
Təsadüfi deyil ki, Ulu öndərin təşəbbüsü ilə 1970-80-ci illərdə keçmiş ittifaqın ən nüfuzlu təhsil ocaqlarına göndərilən yüzlərlə, minlərlə gənc illər sonra müstəqil respublikamızda siyasi, iqtisadi, eləcə də hərbi sahədə uğurlara imza atdı, dövlət quruculuğu prosesində yaxından iştirak etdi.
Ulu öndərin də söylədiyi kimi, “bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə sadiq olmaqdan ibarətdir.” Təsadüfi deyil ki, Azərbaycan dili ilə bağlı tarixi təşəbbüs də ulu öndərin adı ilə bağlıdır. 1978-ci il Ulu Öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olması Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini qorumuş oldu. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülürdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.
Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın xilası, inkişaf və sabitlik illəri kimi tarixə düşdü. Milli mənafeyə əsaslanan dövlət siyasəti, milli kadr hazırlığı, milli irsin qorunması – bunlar ümummilli lider Heydər Əliyevin başlıca strateji hədəfləri idi.
“Azərbaycan xalqını əsrlər boyu yaşadan, onu böyük bəlalardan, fəlakətlərdən qurtaran Azərbaycanın əsrlər boyu yaratdığı mənəvi dəyərlər olmuşdur” deyən ümummilli lider üçün əsas məsələ Azərbaycan Respublikasının dövlət müstəqilliyi idi. Buna görə də böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.
Xalqın tarixi yaddaşının özünə qaytarılması Azərbaycanın surətli inkişafında hərəkətverici qüvvəyə çevrildi. Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.
Milli ideologiyanın yaradılması, Ulu öndərin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etdi, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycan ziyalısını düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçdi. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
“Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir”- deyirdi Ulu öndər. 44 günlük Vətən müharibəsində biz bunun şahidi olduq. Müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə vətənpərvərlik ruhunda yetişən Azərbaycan gənci bilərəkdən Vətən uğrunda ölümə gedirdi. İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı.
Beləliklə, fəxr hissi ilə deyirik ki, müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri var. Ulu öndərin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və soydaşlarımızın öz torpaqlarına qayıdacağı ilə bağlı fikirləri onun davamçıları, vətənpərvər gənclər tərəfindən reallığa çevrildi.
Azərbaycan məhz Heydər Əliyev ideyaları sayəsində böyük inkişaf yolu keçib. Həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.
Milli Məclisin deputatı Könül Nurullayeva