Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır!
Ümummilli lider Heydər Əliyev
Azərbaycançılıq ideologiyası milli özünü dərk, milli kimlik üzərində formalaşan dəyərlər sistemidir. Bu mənada Azərbaycançılıq təkcə Azərbaycanda yaşayan azərbaycanlıları və ya etnik xalqları əhatə etmir. Bu eyni zamanda harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki cəhətdən bağlı olan və onun nüfuzunu hər zaman şərəflə uca tutan hər bir şəxs Azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Ümummilli lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi ki “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”. Bu mənada Azərbaycan xalqı hər zaman öz milli kimliyi, birliyi, həmrəyliyi ilə örnək, nümunə olub. Tarixin ən çətin dövrlərində belə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətən, dövlət, torpaq naminə birlik nümayiş etdirib.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, müstəqilliyi bərpa etmək, torpaqlarımızı yadelli işğallardan qorumaq üçün atılan addımlar bu gün tariximizin şanlı səhifələrindən bir kimi yüksək səviyyədə hörmət və ehtiramla qeyd edilir: “1989-cu ilin dekabrından başlanan hərəkat daha sonra özünün xarakterinə görə, azadlıq, müstəqillik mahiyyəti kəsb etməyə başladı. Xalq öz milli kimliyini bir daha ortaya qoydu. Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki. “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır”. Tarixin sonrakı dövrlərində baş verən hadisələr və xalqımızın başına gətirilən faciələr bizim bir xalq olaraq milli özünü dərk prosesindən keçərək milli kimliyimizə sahib olmamızı zəruri edirdi”.
Deputat hesab edir ki, azərbaycançılıq məfkurəsinin formalaşması birmənalı olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu öndər heç də təsadüfən vurğulamırdı ki, “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Ulu öndər Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı”.
Millət vəkili bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük zaman kəsiyi hesab olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan vacib işləri həyata keçirib. İlk növbədə Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Eyni zamanda Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb, həmin çoxcildliklərdən biri – ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib. Həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub və s. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.
Sevinc Hüseynovaya görə, bu gün güclü və qalib Azərbaycanın qarşısında çox mühüm vəzifələr dayanır: “Azərbaycanı yox olmaqdan parçalanmaqdan xilas edən ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsi ilə suverenliyimizin qorunub təmin edilməsiniə nail olmağın yol və istiqamətlərini müəyyənləşdirib. Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik ərazi bütövlüyümüzü təmin edəcəyik”. Sözsüz ki, ulu öndərin milli birliyimizə hədəflənən strateji planları sayəsində biz qalib olduq özümüzə məxsus olanı işğalçıdan ala bildik. Artıq Dünya Azərbaycanlılarının Şuşada qurultayı keçirilib. Bu ulu öndər Heydər Əliyevin görmək istədiyi qalib Azərbaycanın real mənzərəsinin əksi idi. Çünki illərdir, 50 milyonluq dünya Azərbaycanlıları “Azərbaycançılıq” ideologiyası ətrafında birləşib. Soydaşlarımızın qarşısında qoyulan əsas vəzifə yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi, mədəni həyatında yüksək mövqelər tutmaq, eyni zamanda tarixi Vətənləri ilə əlaqələri kəsməmək idi. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşıb. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. Bölgədə yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunması təbii ki, bizim üstünlüyümüzdür”.
Təftiş komissiyasının sədri bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı vahid bir gücə çevrildiyi və böyük əzm ilə vətəndaş borcunu göstərdi: “Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildi. Bu mənada azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına tarixi zəmin yaratdı. Sözsüz ki, biz xalq olaraq bundan sonra da azərbaycançılıq məfkürəsinin davam və inkişaf etdirilməsini, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşdirilməsini və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməliyik”.