Tarixin müxtəlif dövrlərində Azərbaycan mütəfəkkirləri, maarifçiləri tərəfindən Azərbaycanlıçıq məfkurəsinin ictimai-siyasi, hüquqi və ideoloji mahiyyəti verilib. Onların sırasında A.A.Bakıxanov, M.F.Axundov, H.B.Zərdabi Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, N.Nərimanov və başqa ziyalılarımızın adlarını çəkmək olar. Məlumdur ki, azərbaycançılıq ideologiyasının əsas təməl dayağı güclü, müstəqil, dayanıqlı dövlət ideyasıdır. Azərbaycançılıq ideologiyasının təşəkkül tapmasında və milli ideologiyaya çevrilməsində 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin özünəməxsus rolu vardır.
Bunu Siyasetinfoya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
“Müstəqil dövlət qurmaq üçün mühüm amil”
O qeyd edib ki, 1920-ci il aprel ayının 27-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi təkcə Azərbaycan milli dövlətçiliyinə deyil, eyni zamanda, müstəqil dövlətçiliyimizin təməllərini təşkil edən azərbaycançılıq məfkurəsinin məhv edilməsinə qarşı amansız təcavüz idi: “Azərbaycançılıq ideologiyasının təməllərini təşkil edən, etnik, dini, mədəni, siyasi dəyərlərimizə qarşı həyata keçirilən soyqırımı siyasəti milli ideologiyamızın məhvinə yönəlik siyasət idi. Lakin bu ideologiyanı məhv edə bilmədilər. XX əsrin ikinci yarısı Azərbaycançılıq ideologiyasının daha dinamik və yüksək inkişaf mərhələsidir. Bu, görkəmli ictimai-siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Görkəmli dövlət xadimi Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında misilsiz xidmətlər göstərib. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasının müasir dövrün tələbləri əsasında formalaşmasında da mühüm rol oynayıb. Ümummilli Lider deyirdi: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin bir ideya ətrafında birləşməsinə yol açmalıdır”. Ulu Öndər azərbaycançılıq ideologiyasının əsas prinsiplərinin “dövlətçilik” və “milli vətənpərvərlik”dən ibarət olduğunu dəfələrlə vurğulayıb. Ulu öndər “sovet ideologiyası” nın əsas olduğu bir zamanda, Heydər Əliyev “milli ideologiyanın”, “azərbaycançılığın” formalaşması istiqamətində iş aparırdı. Bu isə müstəqil dövlət qurmaq üçün mühüm amil idi. O, həmişə bir prinsipi əsas götürürdü”.
“Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsi…”
Professor bildirib ki, o dövr yüzlərlə gəncin sovet ittifaqının ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, böyük alim ordusunun yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi, təhsilin inkişaf etdirilməsi üçün başlıca amil idi: “Ulu öndər Heydər Əliyevin gerçəkləşdirdiyi bu siyasətin təməlində Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsinin dayandığını, azərbaycançılıq ideologiyasını illər ötdükdən sonra artıq Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra daha aydın anlaşılacaqdı. Belə ki, azərbaycançılıq ideologiyası bir termin kimi yaranma tarixi 1990-cı illərin əvvəllərinə təsadüf etsə də qürurla qeyd edə bilərik ki, istər sovet dövründə, istərsə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə azərbaycançılıq ənənəsinin formalaşmasının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə Ulu Öndərin ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu məsələlər uğurla davam etdirilməkdədir. Sovet dövründə belə Heydər Əliyev respublikamızı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir”.
“Azərbaycan Xalq Cümhuriyyəti zamanı başlanan və yarımçıq qalan ideyalar bir-birinin ardınca reallığa çevrildi”
Deputat vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyev milli kimliyimizin, milli mədəniyyətimizin inkişafı üçün çox mühüm işlər gördü: “O dövrdə müstəqil olaraq milli mədəniyyət günləri, ədəbi-bədii yaradıcılıq gecələri, poeziya günləri, festivallar, beynəlxalq tədbirlər keçirmək elə də asan məsələ deyildi. Lakin Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, böyük iradə göstərirdi və bu tədbirlərin keçirilməsinə nail olurdu. O zaman Xan qızı Natəvanın ev muzeyini açmaq, Vaqifin məqbərəsini ucaltmaqla yanaşı, İranda, xüsusi ilə də Təbriz və cənubi azərbaycanlıların yaşadığı digər şəhərlərdə sənaye sərgiləri keçirmək, onların məhsullarını Bakıda tanıtmaq, əməkdaşlıq qurmaq, Zəngəzur cəmiyyətini yaratmaq – bütün bunlar bir inqilab, yenilik idi. Heydər Əliyevin şəxsi nüfuzu, ona olan hörmətin nəticəsi idi ki, Azərbaycanda belə mühüm və strateji layihələr həyata keçirilirdi. Bu hadisələrə bir də tarixi rakursdan baxsaq görərik ki, Ulu Öndər, vaxtı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı başlanan və yarımçıq qalan ideyaları bir-birinin ardınca reallığa çevirirdi. Tarixi varislik prinsiplərini əsas götürməklə, bir çox mühüm siyasi, tarixi, strateji, iqtisadi əhəmiyyət kəsb edən məsələləri yenidən canlandırdı”.
“Azərbaycançılıq ideyasının ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna təsiri…”
Millət vəkilinə görə, Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub: “Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir”.
“Qloballaşma şəraitində universal dəyərlərin qorunmasında önəmli amil”
Komitə sədri vurğulayıb ki, Azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adətənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqabaşqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”. Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını önəmli hesab edir”.
“Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir”
Hicran Hüseynova hesab edir ki, Prezident İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə çevirib: “Azərbaycanda yaşayan bütün millətlərin, xalqların, etnik azlıqların nümayəndələri bizim vətəndaşımızdır, onların Vətəni Azərbaycandır. Onlar da Vətənin dar günüdə mübarizəyə qalxmış, Vətəni erməni işğalçılarından azad etmişdir. Bu bizi dini ayrı-seçkilikdə, başqa dinlərə münasibətlə dözümsüzlükdə ittiham edənlərə layiqli və sərt cavabdır. Müasir dövrdə azərbaycançılıq ideologiyası dövlət ideologiyası olaraq öz təsir dairəsini genişləndirməklə ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni cəhətdən daha da inkişaf etməsinə zəmin yaradır. Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Ötən müddətdə bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən ölkə başçısı müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır. Bəli, azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir”.