Azərbaycan öz suveren ərazisində istənilən nöqtədə post qurmaq, zəruri təhlükəsizlik tədbirləri görmək hüququna malikdir. Hər bir dövlətin bu məsələdə atacağı addım onun qanunlarına və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Bu baxımdan da Azərbaycan dövləti öz ərazisində və sərhədlərində görəcəyi işlərə, atacağı addımlara görə, heç kəsdən razılıq və icazə almır. Dövlətimiz bu məsələdə ölkə Konstitusiyasına əsaslanaraq təhülkəsizlik və müdafiə tədbirlərini həyata keçirir. Ona görə də, bu gün Azərbaycanın Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun giriş hissəsində nəzarət-buraxılış postu qurması dövlətimizin fundamental haqqıdır. Buna qarşı çıxanlar və bəyanatlar verənlər Azərbaycanın daxili işlərinə müdaxilə etmiş olurlar.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, 12 dekabr 2022-ci ildən etibarən Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəallar rus sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdəki təbii ehtiyyatların qanunsuz istismarına və istifadəsinə etiraz aksiyası keçirilir: “Azərbaycanlı ekofəalların məhz bu aksiyası fonunda yola nəzarət de-fakto Azərbaycan tərəfindən təmin edilir. Təbii ki, Laçın da daxil olmaqla digər erməni işğalından azad olunmuş ərazilərimizə mülki insanlarımızın köçməsini nəzarə alsaq bu yoldan separatçıların və digər silahlıların, terroristlərin, qaçaqmalçıların sərbəst istifadəsi böyük təhlükələr yarada bilərdi. Azərbaycan dövləti sözsüz ki, öz ərazisinə bu cür qanunsuz səfərlərin həyata keçirilməsinə icazə verə bilməz. Çünki vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün də qəbuledilməz idi. Amma bunun fonunda Azərbaycanın bu yolda DSX-nın postunu yaratması Qarabağda yaşayan mülki ermənilərin gediş-gəlişini və buradan istifadəsini də məhdudlaşdırmır. Əksinə olaraq Azərbaycanın atdığı bu addım qanuni və tənzimlənən, təhlükəsiz gediş-gəliş üçün imkan deməkdir. Sözsüz ki, azərbaycanlı ekoaktivistlər Laçın-Xankəndi yolunda ekoloji terrora son qoyulması üçün keçirdikləri etiraz aksiyasına başlayanda da erməni təbliğatçıları deyirdilər ki, “guya Xankəndidə humanitar fəlakət yaradılır”. Amma proseslərin sonrakı mərhələdə inkişafı göstərdi ki, bu aksiya fonunda Xankəndidə heç bir hümanitar fəlakət yaşanmadı. Sadəcə olaraq bəzi maraqlı qüvvələr bundan Azərbaycana mümkün qədər təzyiq vasitəsi kimi yararlanmağa cəhd etdi. İndiki mərhələdə Azərbaycanın Laçın-Xankəndi yolunun girişində Ermənistanla sərhəddə nəzarət-buraxılış postu yaratması da erməni tərəfi və onun havadarları eyni “təbliğata” başlamağa cəhd edəcəklər. Amma birmənalı şəkildə hamı dərk etməlidir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Prezident İlham Əliyevin vurğuladığı kimi “Azərbaycan bayrağını və suverenliyini qəbul edən ermənilər burada qalıb yaşaya bilər. Separatizm meylləri olan şəxslər üçün isə qapı açıqdır”.
Millət vəkili hesab edir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinin onlara təklif etdiyi inteqrasiya məsələlərinə müsbət yanaşaraq özlərinin gələcəkləri və təhlükəsizlikləri üçün konkret addım atmış ola bilrlər: “Eyni zamanda Azərbaycan tərəfinin Qarabağda yaşayan ermənilər üçün təklif etdiyi reinteqrasiya məsələləri üzrə təmaslara da onlar daha tez başlamalıdır. Çünki nə qədər tez bu proses başlayarsa, o qədər də daha tez yerli erməni əhalinin həyat tərzi yaxşılaşmış olar. Onların bundan başqa çıxış yolu yoxdur. Azərbaycan qanunlarına tabe olub digər vətəndaşlarımız üçün yaradılmış imkanlardan yararlanmaq Qarabağda yaşayan erməni icması üçün ən optimal çıxış yoludur. Bundan başqa çıxış yolu mövcud deyil. Ərazimizə müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlıları isə heç bir halda bu prosesə maneə olmamalı, reinteqrasiya prosesinə əngəl törətməməlidir”.
Eldar Quliyev bildirib ki, Azərbaycan tərəfindən Laçın yolunda sərhəd-nəzarət mexanizminin təsis edilməsi hərəkət üzrə şəffaflığı təmin edilməsinə xidmət edir: “Çünki üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Laçın yolundan Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına yol verilib və bu yoldan silah-sursat, mina, terrorçular daşınıb. Məhz bu qanunsuz və nəzarətdən kənar daşımaların ağır fəsadlarını Azərbaycan vətəndaşları və hərbiçilərimiz yaşamalı olub. II Qarabağ müharibəsinin başa çatmasından sonra azad edilmiş ərazilərdə ermənilərin basdırmış olduğu minalar nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak olub və ağır bədən xəsarəti alıb. Ermənistanın mahiyyətinə uyğun olaraq mina terroru bu gün də davam edir. Bütün çağırışlara və tələblərə baxmayaraq Ermənistan doğru-düzgün mina xəritələrini verməkdən boyun qaçırır. Bu ölkə tərəfindən Azərbaycana təqdim edilən mina xəritələrinin doğruluğu isə 25 faizdir. Bu isə Ermənistanın mina terrorunun davam etdiyini göstərən faktdır. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Bu minalar Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb və ərazilərimizdə basdırılıb. Sonuncu dəfə, 22 aprel 2023-cü il tarixində Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı minaya düşərək partlayıb və 3 nəfər hərbi qulluqçumuz yaralanıb. Müharibənin sonundan etibarən 294 nəfər azərbaycanlı mina qurbanı olub. Bununla yanaşı, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Üçtərəfli bəyanata və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi faktları aşkarlanıb. Məhz bu təhdidlər və təxribatlar nəzərə alınaraq, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin yaradılması hərəkət üzrə şəffaflığı, qanunun aliliyi ilə yanaşı təhlükəsizliyi təmin edəcək”.