Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması II Qarabağ müharibəsindən sonra növbəti önəmli tarixi qələbədir. Bu münasibətlə xalqımızı, Ali Baş Komandan İlham Əliyevi və müzəffər Ordumuzu təbrik edirəm. Azərbaycanın bu tarixi qələbəsi şanlı Ordumuzun ardıcıl olaraq düşmənə vurduğu zərbələrin məntiqi nəticədir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, “Qisas” əməliyyatı, 12-14 sentyabr toqquşmaları zamanı Ordumuzun əldə etdiyi nailiyyətlər, eləcə də Xankəndi-Xəlfəli-Turşsu yoluna tam nəzarətin təmin olunması, bununla yanaşı, ekofəlların 12 dekabr 2022-ci ildən bəri davam edən aksiyaları bu tarixi qələbənin əldə olunmasında mühüm önəm kəsb edir: “Qələbələrimizin memarı isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Onun qətiyyətli, sarsılmaz siyasi iradəsi nəticəsində Azərbaycan ötən 200 illik tarixinin ən şərəfli, qürurlu, qüdrətli dövrünü yaşayır. Hər sözü imzaya bərabər olan dövlət başçısının hər bir bəyanatının arxasında qətiyyətli mövqe və siyasi iradənin dayandığını artıq bütün dünya dövlətləri qəbul edir.
Prezident İlham Əliyev çox qısa müddət əvvəl – Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşlər zamanı nəzarət-keçid məntəqəsinin yaradılmasını təklif etmişdi. Unutmayaq ki, dövlətimizin başçısı bu günə qədər heç bir sözü vaxtından əvvəl səsləndirməyib. Ona görə də bu təklif artıq həmin addımın atılması üçün tarixi şəraitin formalaşdığını göstərən bəyanat idi və addım atıldı. Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də “nəyi nə zaman edəcəyini yaxşı bilir”.
Deputat bildirib ki, Azərbaycan tarixinin çox şərəfli və mürəkkəb dövrünü yaşayır: “Azərbaycanın öz suveren ərazisində, sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur. Bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını birdəfəlik alacaq. Eyni zamanda bu addım Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb. Bu, separatçılığın ləğvi və Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına gedən yolda həlledici addımdır”.
Millət vəkili əlavə edib ki, Laçın-Xankəndi yolunda 12 dekabr 2022-ci ildən etibarən azərbaycanlı ekofəallar ərazimizdəki təbii ehtiyyatların qanunsuz istifadəsinə qarşı etiraz aksiyası keçirir: “Faktiki olaraq, bu aksiya fonunda yola nəzarət de-fakto Azərbaycan tərəfindən həyata keçirilib. Çünki 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri bu yoldan hərbi məqsədlər üçün istifadə edib. Ona görə də, Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır. Əksinə bu qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Təbii ki, ekoaktivistlər etiraza başlayanda da erməni təbliğatçıları deyirdilər ki, “guya Xankəndidə humanitar fəlakət yaradılır”. İndi də erməni tərəfi və onun havadarları eyni təbliğata başlayıblar. Amma birmənalı şəkildə hamı dərk etməlidir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Qarabağda yaşayan erməni əhalisi də yeni reallığı qəbul etməli, separatçı rejimin onlar üzərində oyun oynamasına qarşı çıxmalıdır. Prezident İlham Əliyev açıq şəkildə bəyan edib: Azərbaycan ərazisində yaşamaq istəyənlər vətəndaşlığı qəbul etməlidir, istəməyənlər çıxıb getməlidir. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.” Prezident İlham Əliyevin dediyi kimi, “Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək!”