Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çox mühüm əhəmiyyət kəsb edir. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan-Bolqarıstan arasında əlaqələr həmişə yüksək səviyyədə olub və müsbət dinamika ilə xarakterizə edilir. Ötən il ölkələrimiz arasında əlaqələrin qurulmasının 30 illiyi tamam oldu. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövr ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf etmiş, ölkələrimiz arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub.
Bunu Siyasetinfoya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor qeyd edib ki, Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə Azərbaycan-Bolqarıstan əlaqələri keyfiyyətcə daha yüksək səviyyəyə yüksəlib: “Bu son dərəcə mühüm sənədə əsasən tərəflər iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq miqyasda qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədi ilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan etdilər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis edildi. Strateji Dialoqun ilk iclası 2018-ci ildə, ikinci iclası 2022-ci ildə keçirilib. Həmçinin, Bolqarıstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfər ediblər”.
Millət vəkili ölkələrimiz arasında humanitar, elm və təhsil, informasiya sahələrində də geniş əməkdaşlıqdan bəhs edib: “Bir ay əvvəl Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanda rəsmi səfərdə olub. Bu fakt ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. Prezident İlham Əliyevin dediyi kimi “Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir”. Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir. Sözsüz ki, hazırkı enerji böhranı dönəmində Avropada baş verən hadisələrlə əlaqədar Azərbaycanın əhəmiyyəti artır. Bir neçə il əvvəl Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ölkəmizi Avropanın enerji təchizatında mühüm aktora çevirdi. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Ötən il Azərbaycan və Aİ arasında “Avropa Komissiyasına təqdim olunmuş Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması da bunun bariz nümunəsidir”.
Deputat bildirib ki, Balkan regionu Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən biridir: “Azərbaycanın Balkan ölkələri ilə əlaqələri dinamik inkişaf edir, o cümlədən bu regionun tərkib hissəsi olan Bolqarıstanla əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin ikinci yarısında Bolqarıstan, Albaniya, Serbiya və Rumıniyaya səfərləri, 2023-cü ilin yanvarında Davos İqtisadi Forumunda Xorvatiya və Monteneqronun baş nazirləri ilə görüşləri, həmçinin bu ay Bosniya və Herseqovinaya rəsmi səfəri xüsusi qeyd etmək lazımdır. Balkan ölkələri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir. Onların Azərbaycana səfərləri buna əyani sübutdur. Bu baxımdan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün Albaniyanın Prezidenti və Baş nazirinin, Serbiya Prezidentinin, Balkan ölkələrinin, o cümlədən Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfəri və dövlət başçısı ilə keçirdikləri görüşləri də xatırlamaq yerinə düşər. Bütün bunlar bie daha göstərir ki, münasibətlər yüksələn xətlə inkişaf edir.
Eyni zamanda, Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmizin təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin bir hissəsi olan trans-Adriatik qaz kəməri bu regiondan – Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək lazımdır ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkanlara daxil olub və eyni zamanda, bu regionda daxili konnektorlar hesabına Azərbaycanın təbii qazının ixrac bazarı daha da genişlənib”.
Komitə sədri Azərbaycan Prezidentinin Sofiyaya işgüzar səfəri çərçivəsində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirildiyini söyləyib: “Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün qaz nəqli sisteminin 4 operatoru ilə SOCAR arasında əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın modernləşdirilmiş qaz ötürücü sistemləri vasitəsilə həyata keçiriləcəkdir. Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaqdır.Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. Gələcək planlara toxunan ölkı başçımız İlham Əliyev bildirdi ki, “Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək. “Ən azı” ona görə ki, bu, planların sonu deyil. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır”.
Hicran Hüseynova vurğulayıb ki, neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var: “Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən cızılır. Bütün bunlar enerji resursları mənbəyi və logistika qovşağı olan Azərbaycanın beynəlxalq məkanda öz maraqlarını ifadə etməsi üçün daha geniş imkanların yaranmasına səbəb olacaqdır. Bu əlbəttə ki, ölkə başçımız İlham Əliyevin uzaqgörən müdrik siyasətinin, diplomatik məharətinin nəticəsidir”.