Ümummilli lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə 1978-ci il 27 aprelində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” əlavəsinin edilməsi mühüm tarixi hadisə idi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra doğma dilimizin istifadəsində və inkişafında yeni mərhələ başlamış oldu. Bu mənada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, ulu öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olması barədə əlavənin edilməsi həmin dövr üçün çox cəsarətli addım hesab edilirdi: “Əslində ulu öndər bununla gələcək müstəqil dövlətçiliyimizin, milli rəmzlərindən birini məharətlə qorumuş oldu. Daim dövlət dili uğrunda mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etməyə nail oldu”.
Deputat 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən də dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülməsindən bəhs etdi: “Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Sonrakı dövrdə də ümummilli lider dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları əka etdirirdi. Məhz sonrakı mərhələdə həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Eyni zamanda “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlanıldı”.
Aqil Məmmədov bildirib ki, 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu isə Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri hesab edilir: Bu eyni zamanda dövlət dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsini də təşviq edir. Qanun həmçinin dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsinə zəmin formalaşdırır. Çünki bu qanunla ölkə Konstitusiyasına uyğun olaraq Azərbaycanda dilinin dövlət dili kimi hüquqi statusu tənzimlənir və qorunmuş olur.