Fransa növbəti dəfə ermənipərəst mövqeyini ortaya qoyub. Papadan daha çox katolik olan Fransa və onun iqtidarı ermənilərdən daha çox ermənipərəstlik edir. 30 ilə yaxın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində keçmiş ATƏT Minsk Qrupunda həmsədr kimi yer alan Fransa işğalçının yanından bir addım da olsa ayrılamayıb. Bu ölkə işğala məruz qalana deyil, işğalçıya dəstək verib. Məhz bunun nəticəsidir ki, 30 ilə yaxın keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində bir arpa boyu irəliləyişə nail olunmmayıb. Çünki Fransa kimi kirli tarixə malik, soyqırım törətmiş olan dövlət işğala və bunun fonunda təcavüz siyasətini saxlanmasını özündə ehtiva edən status-kvo vəziyyətinin saxlanmasına çalışıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan II Qarabağ müharibəsi nəticəsində özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyün təmin edib: “10 noyabr 2020-ci ildən sonra isə Azərbaycan hərbi müstəvidə qazanmış olduğu qələbəsini siyasi-diplomatik müstəvidə uğurla davam etdirib. Azərbaycan dövlətinin Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış postu qurması ölkəmizin suveren haqqıdır. Azərbaycanın öz ərazisində atdığı hər bir addım onun daxili işidir”.
Deputat hesab edir ki, hansısa bir dövlətin və yaxud təşkilatın bu məsələ ilə bağlı Azərbaycanın atdığı addıma münasibət bildirməsi ölkəmizin daxili işlərinə açıq müdaxilədir: “23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsini təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və xarici işlər nazirliyi tərəfindən verilmiş bəyanat heç bir məntiqə əsaslanmır və tamamilə absurd və əsassızdır. Fransa kimi ölkələr Azərbaycan tərəfindən öz suveren ərazisində, sərhəddində nəzarət-buraxılış məntəqəsi təsis etməsini ölkəmizin suveren və legitim hüququ olduğunu nəhayət dərk etməlidir”.
Millət vəkilinə görə, Azərbaycanın Laçın-Xankəndi yolunun girişində nəzarət-keçid məntəqəsi yaratmasını guya üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiası da tamamilə absurd yanaşmalardır: “Əslində Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə tam təminat verir. Sözsüz ki, dövlətimiz bundan sonra da bu istiqamətdə müvafiq tədbirləri həyata keçirməkdə davam edəcək. Bütün bunların fonunda Azərbaycan bölgədə sülhün, sabitliyin olmasının tərəfdarıdır. Ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün dövlətimizin mövqeyi ortadadır. Fransa kimi pozucu mövqedən çıxış edənlər isə bölgədə yaranacaq sülh prosesinə başlıca əngəl törətmək niyyətindədir”.