Azərbaycan dövlətinin xarici siyasətində hər bir ölkə ilə qarşılıqlı maraq və mənafelərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin qurulması prioritet istiqamətlərdən biridir. Bu baxımdan Prezident İlham Əliyevin aprelin 13-də Bosniya və Hersoqovinaya rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin daha da inkişafı və dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Bosniya və Hersoqovina arasında səmimi əlaqələr mövcuddur. Bir ay öncə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin ölkəmizə səfər etmişdi. Bu baxımdan Prezident İlham Əliyevin Sarayevoya səfəri ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilərək strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması baxımından olduqca vacibdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, iki ölkə arasında dostluq münasibətləri ötən əsrin 70-ci illərində yaranıb: “Hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə 1972-ci ildə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanıb. O vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır. İki ölkə hər zaman bir-birinin yanında olub, bir-birini dəstəkləyib. İstər 2014-cü ildə baş verən təbii fəlakət zamanı, istərsə də, pandemiya dövründə Azərbaycan dost ölkə Bosniya və Hersoqovinaya köməklik etmiş, əsl dostluq örnəyi nümayiş etdirib. Bununla yanaşı, Azərbaycan Bosniya və Hersoqovinanın bir neçə şəhərində mühüm lazımi infrastruktur layihələri həyata keçirib. Xüsusilə vurğulamalıyıq ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç mətbuata birgə bəyanatda Azərbaycanın onlar üçün dost ölkə və etibarlı tərəfdaş olduğunu bəyan edib. O, qeyd edib ki, “Azərbaycan bizim üçün çox mühüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli münasibətlərimiz də daha yüksək səviyyəyə qalxacaq. Çox şadam ki, biz bu məsələdə də inkişaf görürük”. Həmçinin, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanın haqq işini dəstəkləyib. Bütün bunlar iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından atılmış mühüm addımlardır”.
Millət vəkili bildirib ki, son vaxtlar Azərbaycanla Bosniya və Herseqovina arasında ticari-iqtisadi əlaqələrin inkişafında yüksək dinamizm özünü göstərir: “Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə bu mənada çox ciddi və perspektivli bir sənəd kimi iki ölkə arasında gələcək inkişafın istiqamətlərini müəyyənləşdirib. Bu Bəyannamə ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynayacaq. Strateji tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyev çıxışında “Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək.”
Tamam Cəfərovaya görə, Azərbaycan Prezidentinin Bosniya və Herseqovina səfəri və bu səfər zamanı əldə edilmiş razılıqlar ölkələrimiz arasında ikitərəfli, və beynəlxalq miqyasda münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək: “Eyni zamanda ölkələrimiz arasında ticari-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar, turizm və digər sahələrdə əməkdaşlıq mühüm imkanlar var. Təbii ki, bu imkanlardan daha yaxşı istifadə olunması vacib amil kimi önə çıxır. Bu da öz növbəsində Azərbaycan və Bosniya və Herseqovina arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı hesab edilir”.