COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi olduq. ABŞ prezidenti Cozef Bayden Administrasiyası və Avropa İttifaqı rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutdular. Bayden administrasiyası ümumiyyətlə yeni prezident seçilmiş Donald Trampa mümkün qədər çox problem saxlayıb getmək yolunu tutub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, məhz COP29-da maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbkarı Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayendir: “O, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi və məhz buna görə Bakıya gəlmədi. Təsadüfi deyil ki, COP29-da Aİ-nı təmsil edən, bir neçə gün Bakıda olan Almaniyanın xarici işlər naziri Annalena Berbok iqlim məsələləri ilə məşğul olmaq əvəzinə mətbuat konfransı keçirib Azərbaycanda insan haqlarından danışdı, Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğuı oldu. Amma bütün bunlara baxmayaraq beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu. COP29-da 300 mlrd dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı. Bütün maneəçiliklərə baxmayaraq Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu. Sözsüz ki, bu iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq”.
Deputat bildirib ki, COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunması tarixi hadisə idi: “Bu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur. İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınıb. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır. Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub. Məhz tarixi nöqteyi-nəzərdən COP29 Sədrliyi və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıb, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edib. Cari ilin sentyabr ayında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru vəzifəsinə İbrahima Şeyx Dionqun təyin edilib”.
Məlahət İbrahimqızı hesab edir ki, COP29 çərçivəsində İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb: “Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bütün bunlar isə Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur”.