“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Eyni zamanda Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud olub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, 1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən Kəlbəcər rayonu işğal edilib: “İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Ermənistanın işğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Təcavüz nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. Bununla yanaşı rəsmi İrəvanın hərbi cinayət törədərək BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasını həyata keçirib. Çox təəsüf ki, beynəlxalq birlik Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yubub Bu da sözsüz ki, iİkili standartlar siyasətinin təzahürüdür. Çünki BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi. Öz növbəsində beynəlxalq təşkilatlar isə onun icrasını tələb etməyib”.
Millət vəkili hesab edir ki, Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti olduqca böyükdür: “Bu eyni zamanda effektiv hərbi strategiyanın nəticəsi idi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri tərk edən qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldı. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır”.
Deputat bildirib ki, 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilməsi vacib önəm kəsb edir: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Eyni zamanda Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub. Artıq digər azad edilmiş ərazilərimiz kimi Kəlbəcərdə işğaldan sonra özünün yeni mərhələsini yaşayır. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Kəlbəcərdə geniş quruculuq brəpa işləri icra edilir. Bu məqsədlə Kəlbəcərin Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılır. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək. Bununla yanaşı Kəlbəcər rayonunun Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Burada da 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Həmçinin rayonun enerji potensialı dəyərləndirilir. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub”.
Aqil Məmmədov Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin sürətlə davam etdiyini vurğulayıb: “Bu yol I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Hazırda Kəlbəcərdə ilk yaşayış məhəlləsi üzrə işlər layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. Həmçinin rayonun Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək. Sözsüz ki, digər azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq prosesləri kimi Kəlbəcərdə də aparılan işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin nəzarətindədir. Cənab Prezidentin Kəlbəcərə səfəri burada bir sıra açılışların edilməsi təməlqoyma mərasimləri qısa zamanda bu bölgəmizin də Azərbaycanın ümumi ahənginə uyğun inkişaf edəcəyinə tam əminlik yaradır. Kəlbəcərlilərin isə amalı qısa zamanda cənab Prezidentin rəhbərliyi ilə yenidən canlanan Kəlbəcərə qayıdıb burada əbədi, xoşbəxt yaşamaqdır”.