Fransa hər zaman təcavüzkar, işğalçı Ermənistanın yanında yer alıb. Məhz Fransa kimi ölkələrin Ermənistana vermiş olduğu dəstək müqabilində bu ölkə 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayıb. Təcüvüzkarla, təcavüzə məruz qalan ölkəni ayırd edə bilməyən bir Avropa ölkəsinin-Fransanın davranışları sözsüz ki, onun qaranlıq keçmişindən qaynaqlanır. Dünya ictimaiyyəti sözsüz ki, Fransanın müstəmləkə siyasətini, bunun nəticəsində soyqırımlar, etnik təmizləmələr aparmasını unutmayıb. Fransanın Əlcəzairdə törətmiş olduğu soyqırım aktı bunun bariz nümunəsidir. Bu mənada Fransa kimi ölkənin ədalətli davranması qeyri-mümkündür. Onun Ermənistana olan sevgisi və bunun fonunda göstərmiş olduğu dəstək də Fransanın əsl mahiyyətinin nədən ibarət olduğunu göstərir.
Bunu Siyasətinfo-ya açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Fransanın aprelin 11 Azərbaycan-Ermənistan şərti sərhəd xəttində erməni tərəfinin törətmiş olduğu təxribata “haqq” qazandırmağa çalışması bu mənada xüsusi ilə qeyd edilməlidir: “Bu baxımdan Fransanın Ermənistan tərəfinin 11 apreldə Laçın rayonu istiqamətində Azərbaycanın mövqelərinə qarşı təxribatı ilə əlaqədar bu ölkəni dəstəkləyən 12 aprel tarixli bəyanatı reallıqdan tamamilə uzaq bir yanaşma olmaqla yanaşı, riyakarlığın bariz nümunəsidir. Bununla Fransa növbəti dəfə özünün əsl simasını göstərmiş oldu”.
Deputat deyib ki, Fransa Azərbaycan-Ermənistan münaqişəsi dövründə vasitəçi olduğu müddətdə Ermənistanın təcavüzünə və işğalçı siyasətinə düzgün qiymət verməyib: “Bu ölkə heç bir halda münaqişənin həllinə çalışmayıb. Əksinə təcavüzə məruz qalan ölkəyə qarşı ədalətsizlik edib. Eyni zamanda Azərbaycan özünün beynəlxalq hüquq tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü bərpa etdikdən Fransadan ölkəmizə qarşı riyakar mövqe sərgilənib. Bu baxımdan hər zaman ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransanın bu bəyanatı da onun növbəti qeyri-ədalətli mövqeyidir”.