
Prezident İlham Əliyevin Qazaxıstana səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafın yeni bir xarakter almasına müsbət təsir edəcək. Sözsüz ki, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarır.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O hesab edir ki, Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də dost, qardaş Qazaxıstandır: “Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərir. Bu mənada ölkələrimiz arasında dostluq və qardaşlıq tarixə, əsrlərə, dini, milli dəyərlərə əsaslanır. Dost, qardaş Qazaxıstanda yaşayan iki yüz minə qədər azərbaycanlı bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Məhz bu amil ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin yüksək xarakterindən xəbər verir”.

Deputat bildirib ki, Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub: “1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Bu amillər iki dövlət arasında münasibətlərin bütün sahələr üzrə inkişafına zəmin yaradan başlıca prinsiplər kimi qəbul edilir. Eyni zamanda Prezident İlham Əliyev Qazaxıstanda ötən il oktyabrın 13-14-də səfərdə olub və dövlətimizin başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısında, həmçinin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Həmçinin ötən il avqustun 24-də isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəmizdə rəsmi səfərdə olub. Sözsüz ki, dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Bütün bunların fonunda Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə, əlaqələrin inkişafına müsbət təsir göstərməklə yanaşı qarşıda duran məsələlərin həllinə də mühüm təsir göstərir”.
Məlahət İbrahimqızı Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdə olduğunu söyləyib: “Qazaxıstan tərəfindənn atılan bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib və nümayiş olunub. Bu, təbii ki, qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisi hesab edilir. Bu gün Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam edir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Bu mənada Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri də məhz Azərbaycandır. İki dost, qardaş ölkə arasındakı münasibətlərin xarakteri onu deməyə əsas verir ki, soykök və tarixi-mədəni əlaqələr bundan sonra xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun inkişaf edəcək”.