İran hər zaman Azərbaycana qarşı riyakar mövqedə dayanıb. Bu ölkə din pərdəsi adı altında Azərbaycanda özünə çoxlu əlaltılar formalaşdırmaqla heç də sağlam bir niyyət güdməyib. Özünün terror mahiyyətinə uyğun olaraq molla rejimi İslam dəyərlərinə zidd fəaliyyətlər göstərib. Azərbaycanın günü-gündən inkişafı, öz ərazilərini İranın birbaşa dəstəklədiyi Ermənistanın təcavüzündən xilas etməsi və bunun fonunda bölgədə yeni reallıq yaratması farsa rejimini ciddi narahat edib. Azərbaycanın digər dost və tərəfdaş ölkələrlə qurduğu münasibətlər, siyasi, diplomatik müstəvidə yaratdığı əlaqələr İranın yuxusuna haram qatır. Hər zaman ölkəmizin maraqlarını müdafiə edən beynəlxaq və digər platformalarda dövlətimizə dost dəstəyi göstərən İsraildə səfirliyimizin açılması İranı narahat etməməlidir. Çünki bu müstəqil bir ölkənin verəcəyi qərardır. Azərbaycan özü bilər hansı dövlətlə diplomatik münasibətlər qurur, ya qurmur. Bunun İrana heç bir dəxli və aidiyyatı yoxdur.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O İran parlamentinin Azərbaycanla bağlı basurd, riyakar, məntiqsiz bəyanatının da mahiyyət etibarı ilə heç bir əhəmiyyət kəsb etmədiyini söyləyib: “Azərbaycan Milli Məclisi isə haqlı olaraq İran parlamentinin məlum “bəyanatına” qarşı adekvat reaksiya verib, bəyanat qəbul edib. Bəyanatda deyilir: “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İsrail dövlətində səfirliyinin açılması ilə bağlı İran İslam Respublikası Parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının suverenliyinə və müstəqilliyinə açıq hörmətsizliyin ifadəsi olan bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır”. Sözsüz ki, Azərbaycan Milli Məclisinin qəbul etdiyi bu bəyanat bir neçə gün öncə İranın riyakar siyasətinin mahiyyətinə ən layiqli cavabdır”.
Millət vəkili hesab edir ki, İran parlamentinin bu “bəyanat”ı Azərbaycana heç bir təsiri olmamaqla yanaşı, hər hansı bir ciddi hüquqi-siyasi mahiyyət kəsb etmir: “İran hökuməti bu gün ölkəsində teokratik idarəetmə üsulu formalaşdırıb. İnsanlar heç bir mühakimə aparılmadan edama məruz qalır. Beynəlxalq təşkilatlar, başda BMT olmaqla İranda insan haqlarının ciddi şəkildə pozulması ilə bağlı həyəcan təbili çalır. Amma özünün çirkin mahiyyətindən imtina etməyən fars molla rejimi sadə insanların hüquqlarını, onların sosial qayğılaırnı həll etmək əvəzinə, ağır cəzalara məhkum edir”.
Aqil Məmmədov vurğulayıb ki, İranın cari iqtidar dövründə hətta xarici işlər nazirliyi belə ölkənin xarici siyasət kursunun müəyyənləşməsində və formalaşdırılmasında iştirak etmir: “Molla rejimində bu cür qərarlar mahiyyətcə terrorçu təşkilat hesab edilən SEPAH tərəfindən qəbul edilir. Məhz bu reallıqdan da İran “parlamentin” qəbul etdiyi “bəyanat” da bu ölkənin terrorçu simasının xarakterizə etmiş olur. Çünki İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını “pisləyən bəyanat” qəbul etməsi əsl siyasi riyakarlıq nümunəsidir. Bu cür riyakar bəyanatlarla fars-molla rejimi yalnız öz şovinist tərəfdaşlarını aldada bilər. Sözsüz ki, İranda yaşayan soydaşlarımız da, milyonlarla dindaş və məzhəbdaşlarımız belə qabaqdangəlmiş, uydurma bəyanata inanan deyil. İranın terrorçu siması bütün dünyaya da, İslam aləminə də yaxşı məlumdur. Bütün dünya yaxşı bilir ki, İran üçün İslam dəyərlərinin heç bir əhəmiyyəti yoxdur. Bu terror dövləti İslam dinindən siyasi avantüra üçün vasitə kimi istifadə edir”.
Deputat əlavə edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə və bu işğalı 30 il xüsusi vandallıqla davam etdirərkən Tehran rejimi sadəcə növbətçi xarakterli bəyanatlar səsləndirməklə kifayətlənib: “Halbuki müsəlman azərbaycanlıların qanı tökulən, soyqırıma məruz qalan həmin ərazilərdə İranın “dost” kimi bağrına basdığı Ermənistan tərəfindən 67-i məsciddən 65-i tamamilə dağıdılıb, təhqir edilib, donuz saxlanılıb. Ərazilərdə İslam dəyərlərinə aid maddi-mədəniyyət abidələri, dini ocaqlar barbarlığa məruz qalıb. Bir xalqın tarixinə qarşı açıq təcavüz edilib, mənimsəmə, özgəninkiləşdirmə siyasəti həyata keçirilib. Ona görə də, əgər doğrurdan da İran İslam dəyərlərinin qoruyucu kimi çıxış etmək niyyətindədirsə ilk növbədə Ermənistanla bütün əlaqələri kəsməli, ona qarşı ən sərt mövqe sərgiləməlididir. Amma təəsüf ki, biz bunun əksini görürük. İran müsəlman, soyqırıma, dini dəyələri vandalizmə məruz qalan Azərbaycana qarşı riyakar mahiyyət kəsb edən mövqe sərgiləyir, ölkəmizin daxili işlərinə qarışmağa cəhd edir. Amma molla rejimi unudur ki, indi Azərbaycan 90-cı illərin əvvəllərində olduğu səviyyədə deyil. II Qarabağ müharibəsinin qalibi, regional və qlobal miqyasda söz sahibi Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan özünün inkişaf strategiyasına uyğun olaraq möhkəmlənir. İran kimi müasir dövrün çağrışlarından geri qalan teoktraik rejimlər isə zaman etibarı ilə tarixin arxivinə yuvarlanmaqdan başqa seçimə malik deyil”.