İran parlamentinin İsraildə səfirlik açılması ilə baglı ölkəmizə qarşı qəbul etdiyi “bəyanat” cəmiyyətimizin birmənali qınağına və qəzəbinə səbəb olub. Bəyanatda Azərbaycan əleyhinə absurd fikirlər səslədirən İran parlamentariləri ölkəmizin İsraildə səfirlik açmasını və Tel-Əvivə səfir göndərməsini “inanılmaz” və “islam dünyası əleyhinə davranış” kimi dəyərlədirir. Eyni zamanda molla rejiminin təmsilçiləri üstəlik, “müsəlmanların artıq Azərbaycan Respublikasının dövlət rəsmilərini fələstinlilərin sionist rejim tərəfindən qətliam edilməsi və cinayətlərə məruz qalmasında şərik hesab edərək” Azərbaycan rəsmilərinə qarşı təhdidlərlə çıxış ediblər. İran deputatları bir qədər də irəli gedərək İslam ölkələri hökumətlərini, ərəb ölkələrini, xüsusilə İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın İsraildə səfirlik açmasını pisləməyə çağırıblar. Həmçinin İranın xarici işlər nazirliyindən bütün müsəlman ölkələrə bəyanat göndərərək bu istiqamətdə zəruri diplomatik fəaliyyətlər göstərməsini istəyiblər.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Azərbaycan Milli Məclisinin də haqlı olaraq İran parlamentinin absurd heç bir məntiqə əsaslanmayan “bəyanatına” adekavat reaksiya verib və əks mövqe olaraq bəayanat qəbul edib: “Azərbaycan Respublikasının Milli Məclisində İran “parlamenti” nə qarşı qəbul olunmuş bəyanatında vurğulanır ki, “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İsrail dövlətində səfirliyinin açılması ilə bağlı İran İslam Respublikası Parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının suverenliyinə və müstəqilliyinə açıq hörmətsizliyin ifadəsi olan bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır”. Sözsüz ki, İranın riyakar siyasətinin davamı məntiqi davamı olaraq bu ölkənin parlamenti Azərbaycana qarşı tamamilə saxtakarlıq və riyakarlıq nümunəsi olan uydurma “bəyanat” qəbul etməsi əslində heç bir əhəmiyyət daşımamaqla yanaşı, hər hansı bir ciddi hüquqi və ya siyasi xarakterə malik deyil”.
Millət vəkili hesab edir ki, İranın bu cür riyakar bəyanatlarla fars-molla rejimi yalnız öz şovinist tərəfdaşlarını aldada bilər: “İranda yaşayan soydaşlarımız da, milyonlarla dindaş və məzhəbdaşlarımız da belə qabaqdangəlmiş, uydurma bəyanata inanan deyil. İranın riyakar və terrorçu siması bütün dünyaya da, İslam aləminə də yaxşı məlumdur. Bütün dünya yaxşı bilir ki, İran üçün İslam dəyərlərinin heç bir əhəmiyyəti yoxdur. Bu terror dövləti İslam dinindən siyasi avantüra həyata keçirmək üçün vasitə kimi istifadə edir. Bunun növbəti təzahürü İran parlamentinin Azərbaycan əlehinə qəbul etdiyi “bəyanat”da bir daha öz əksini tapıb. Amma İranın bir daha yadına salmaq istəyirik ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə və bu işğalı 30 il xüsusi vandallıqla davam etdirərkən Tehran rejimi sadəcə “Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına sayğı bəsləyirik, bu prinsiplərə riayət olunmalıdır” kimi amorf bəyanatlar verməklə kifayətlənib. İran Azərbaycanın tarixi torpaqlarımızda 67 məsciddən 65-i dağıdılıb, viran edilib, təhqir olunanda gözünü yumub, vandal ermənilərlə birlikdə evləri söküb, infrastrukturu talan edib, daşıyıb İrana aparıb. Həmin vaxt sanki iranlı deputatlar kütləvi susqunluğa qərq olmuşdular reallığı görməməzlikdən gəlirdilər“. Reallıq odur ki, 30 ildə İran Ermənistanın ən ciddi dayağı, iqtisadi və maliyyə baxımından güclü dəstəkçisi olub. Qafanda konsulluq açıb, məzhəbdaşlarının qanını tökən Ermənistana hər cür dəstəyi göstərən İranın Azərbaycanın İsraildə səfirlik açmasını müzakirə etməyə, ölkəmizin daxili işlərinə qarışmağa heç bir haqqı və hüququ yoxdur. İran qonşu dövlət kimi beynəlxalq münasibətlər sistemində formalaşmılş dəyərlər müstəvisində öz üzərinə düşən vəzifələri icra etməlidir. Öz ərazisində diplomatik korpusun təhlükəsizliyini təmin edə bilməyən bir ölkə başqa bir dövlətin daxili işlərinə qarışması absurd və məntiqsizdir”.
Sevinc Hüseynovaya görə, nədənsə, İran parlamentariləri yaddan çıxarır ki, Azərbaycan müstəqil dövlətdir və suveren ölkə olaraq apardığı siyasəti özü müəyyənləşdirir: “Hər hansı bir ölkənin Azərbaycanın daxili və ya xarici siyasətinə müdaxilə etmək hüququ yoxdur. İsraildə və ya digər ölkədə səfirliklərimizin açılması müstəqil Azərbaycan dövlətinin suveren hüququdur. İslam Həmrəyliyinə əl atan İran nədənsə 30 il ərzində işqal altında olan torpaqlarda islam mədəniyətinə qarşı törədilən soyqırıma, 65 məscidin yerlə yeksən edilməsinə, donuz saxlanaraq təhqir olunmasına etiraz etməyib. Əksinə vandallığı törədən Ermənistana yardım göstərib və bu dəstəyi davam etməkdədir. Ona görə də, İranın İslam həmrəyliyindən danışması riyakarlıqdır”.
Təştiş komissiyasının sədrinin fikrincə, belə bir “bəyanatı” qəbul etməklə İran dövləti ölkəmizə qarşı illərlə apardıgı maskalanmış düşməncilik siyasətini açıq-aşkar göstərmış olub: “Ümümiyyətlə bu “bəyanatın” qəbul edilməsi göstərir ki, İranın ölkəmizə qarşı siyasəti getdicə daha da radikallaşır və terror yönündə inkişaf edir. Amma bütün bunların fonunda İran unutmasın ki, Azərbaycan, qüdrətli, nüfüzlu bir ölkədir. Azərbaycanla belə tərzdə, təhdidlə danışmaq olmaz. Azərbaycan müstəqil dövlətdir, heç bir dövlətin diqtəsi ilə oturub-durmur. Eyni zamanda ölkəmizdə güclü xalq-iqtidar birliyi və sabitlik mövcuddur. Bu sabitliyi heç bir qüvvə poza bilməz. Ona görə də heç kəs unutmasın ki, “Dəmir Yumruq” yerindədir və ölkəmizə qarşı yönəldilən hər bir təhdidin qarşısını almağa qadirdir”.