Xalqın istəyi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini yox olmaqdan, tarixin ağır sınaqlarından xilas edərək müasir və güclü dövlətçiliyin əsasını qoydu. Bu mənada müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyənləşdirib. Müstəqilliyin qorunub saxlanması üçün düzgün hərtərəfli siyasi strategiyanın həyata keçirilməsi sayəsində iqtisadi inkişafa nail olunub.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan xalqının milli maraqlarının qorunması ölkəmizin inkişafı üçün həyata keçirilən uğurlu strategiya Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Bu baxımdan da müstəqil Azərbaycan Ordusunun formalaşması dövlətçiliyimiizn memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsi hesab edilir. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə bir çox sahələrdə peşəkar kadrların hazırlanması ilə yanaşı, hərbi kadrların hazırlanması prosesinə başlanılıb. 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına Onun tarixi xidmətlərindən biri idi. Çox sonralar bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasında mühüm töhfə verdi. Məhz C.Naxçıvanski adına Hərbi Lisey ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğunda, peşəkar zabit heyətinin hazırlanmasında fundamental baza rolunu oynadı. Həmçinin Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması sonrakı dövrlər üçün böyük önəm kəsb edib”.
Deputat deyib ki, bu kadrlar sonradan Azərbaycanda müstəqil ordu quruculuğunun formalaşmasında və inkişafında mühüm rol oynadılar: “Müdrik Liderin uzaqgörənliyi və Azərbaycanı müstəqil görmək arzusu, Onun milli zabit kadrları ilə güclü ordu formalaşdıra bilmək niyyətindən irəli gəlirdi. 1993-cü ilin yayından Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ordu quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən qətiyyətli və uzaqgörən siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirilib”.
Məlahət İbrahimqızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu, praqmatik siyasəti nəticəsində Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü Silahlı Qüvvəsinə çevrildiyini bildirib: “Silahlı Qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların Orduya cəlb edilməsi Prezident İlham Əliyev siyasətinin strateji istiqamətlərindən biri olub. Məhz bunun sayəsində Azərbaycanın Müzəffər Ordusu dövlət və xalqla birlik nümayiş etdirərək “Dəmir Yumruq” kimi düşməni məhv etdi. Ordumuzun gücü, Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində döyüş meydanında düşmən məğlub edildi və o kapitulyasiya aktına imza atmağa məcbur edildi. 44 gündə Azərbaycan Ordusu özünün döyüş qabilliyyətini nəyə qadir olduğu düşmənə və bütün dünyaya nümayiş etdirməklə yanaşı 30 ilə yaxın erməni işğalında qalan ərazilərimizin azadlığı təmin olundu. Bu məhz Ulu Öndər Heydər Əliyevin strategiyası əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan qalib Ordunun qarşısındakı əsas hədəf və tarixi xidmət idi”.