Müasir Azərbaycan Ordusunun formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin diqqət və qayğısı ilə sovet dövründə azərbaycanlı gənclər ittifaqın ali təhsil müəssisələrinə göndərilir, onların yüksək elmi biliklərə yiyələnməsi üçün bütün səy və təşəbbüslər göstərilirdi. Azərbaycanın sabahını düşünən Ulu Öndər məhz bu gənclərin ölkəmizin gələcəyi naminə faydalı olacaqları üçün onların yüksək səviyyəli kadrlar kimi formalaşmasına çalışırdı.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə bir çox sahələrdə peşəkar kadrların hazırlanması ilə yanaşı, hərbi kadrların hazırlanması prosesinə başlanılıb: “Məhz 1971-ci Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə müstəsna xidmətlərindən bir idi. Sözsüz ki, o dövrdə Azərbaycanda bu səviyyədə hərbi məktəb açmağın çətinlikləri olduqca böyük olub. Amma Ümummilli Lider bütün bu qadağalara və maneələrə baxmayaraq Azərbaycanda peşəkar hərbiçi hazırlayan məktəbin yaradılmaına nail olub. Sözsüz ki, bu məktəbin müdavimləri sonrakı dövrlərdə Azərbaycanda peşəkar ordu quruculuğunun formalaşmasında müstəsna rol oynadılar”.
Millət vəkili hesab edir ki, Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə azərbaycanlı gənclər Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə təhsil alması mühüm önəm kəsb edirdi: “Azərbaycanın gələcəyinə onun müstəqil olacağına əmin olan Ulu Öndər potensial kadr hazırlığı məsələsinə xüsusi ilə yanaşırdı. Heç təsadüfi deyil ki, Onun diqqət və qayğısı ilə təhsil almış kadrlar Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin istər ordu quruculuğunda, istərsə də digər sahələrdə inkişafında mühüm rol oynadılar. Bu amillər Müdrik Liderin uzaqgörənliyi və Azərbaycanı müstəqil görmək arzusu, Onun milli zabit və digər kadrlar formalaşdıra bilmək hədəfləri ilə bağlı olub”.
Deputat Ordu quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən qətiyyətli və uzaqgörən siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini söyləyib: “Artıq müstəqil, güclü qalib Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvəsinə çevrilib. Bunun təməlində isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu, praqmatik siyasət dayanır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasındadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Silahlı Qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların Orduya cəlb edilməsi Prezident İlham Əliyev siyasətinin strateji istiqamətlərindən birini təşkil edib”.
Aqil Məmmədov 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın məhz güclü Ordumuzun sayəsində Ermənistanın təcavüzündən azad olunduğunu bildirib: “30 il heç bir beynəlxalq təşkilatın Azərbaycan ərazilərinin boşadılması ilə bağlı çıxarmış olduğu qərar və qətnamələrə məhəl qoymayan işğalçı Ermənistan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə güclü Ordumuzun qarşısında 44 gün dayana bildi. Vətən müharibəsinin 44-cü günündə Ermənistan döyüş meydanında ağır məğlubiyyətə uğradığını təsdiq edən 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atmalı oldu. Bu Ulu Öndər Heydər Əliyev strategiyasına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik siyasətinə əsaslanan Ordununu tarixi xidməti idi. Vətən müharibəsindən öncə də Ordumuz düşmənə 2016-cı ilin aprel ayında layiqli dərs vermişdi. Aprel döyüşlərində Azərbaycan Ordusunun vermiş olduğu dərsdən nəticə çıxarmayan işğalçı erməni ordusu 44 günlük Vətən müharibəsi ilə darmadağın edildi. Sözsüz ki, müharibədən sonra da Ordumuz özünün peşəkarlığını artırmaqda davam edir. Çünki bu bölgədə sülhün və təhlükəsizliyin ən böyük qarantı Azərbaycan Silahlı Qüvvələridir”.