Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşünün yekunu olaraq qəbul edilən Ankara bəyannaməsi üzv ölkələrin milli maraqlarının müdafiəsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Sənəddə də qeyd olunduğu kimi, üzv dövlətlər zəlzələlərdən sonra bərpa-yenidənqurma işlərində Türkiyə xalqı və Hökuməti ilə həmrəylik ifadə etdilər. Zəlzələlərdən zərər çəkmiş şəxslərə ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını bir daha təkrarladılar. Bu sammitin ən böyük uğurlarından biri TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılıq və Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş oldu. Bu, beynəlxalq ictimaiyyət üçün istinad nöqtəsi baxımından mühüm əhəmiyyət kəsb edir. TDT-nin əsas məqsədlərindən biri Türk dünyasında daha dayanıqlı, davamlı inkişafı təmin etməkdir.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, Müşahidəçi Dövlətlərin TDT-nin fəaliyyətlərinə aktiv cəlb olunması da təşkilatın əsas uğurlarından biridir: “TDT Üzv Dövlətləri arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması da yaxşı perspektivlər vəd edir. Təsadüfi deyil ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü də Prezident İlham Əliyevə məxsusdur. Azərbaycan Prezidenti belə bir təkliflə 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə Görüşü zamanı çıxış edib.
Ankara bəyannaməsində həmçinin Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumun pislənməsi, bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına dair çağırış xüsusilə vacibdir. Sammitdə eyni zamanda Prezident Əliyev Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimizin hüquqlarına dair də çağırış etdi. “Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir” deyən dövlət başçımız bildirdi.
Azərbaycan Prezidentinin bütün platformalarda təşəbbüsləri ölkəmizin beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə qorunmasına xidmət edir. Ankara Zirvəsi də bu mənada ən uğurlu platformalardan biri oldu”.
Könül Nurullayeva vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının sammitləri praktiki əməkdaşlığı daha da genişləndirmək məqsədi daşıyır: “Budəfəki zirvə toplantısında həmçinin qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstək nümayiş etdirildi. Təsadüfi deyil ki, ötən il təşkilatın Səmərqənddə baş tutmuş Zirvə görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını bəyan etmişdi.
Ankara Zirvəsində Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyənin çətin günündə TDT-ə üzv ölkələrin toplaşması olduqca vacibdir. Məlumdur ki, Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Bu da Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür. Ümumiyyətlə, türki dövlətləri arasında əlaqələrin inkişafında Azərbaycanın xüsusi rolu var. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türkd dövlətləri arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verməkdədir”.