Biz mühüm tarixi hadisələrə şahidlik edirik. Dünyada baş verən hadisələr, geoiqtisadi və geosiyasi sahədə gedən proseslər fonunda Azərbaycan özünəməxsus strateji yol seçərək, gündən – günə daha da mövqeyini gücləndirir. Bunlardan biri də sözsüz ki, enerji təhlükəsizliyinin təmin olunmasıdır. Qeyd etmək lazımdır ki, qloballaşan müasir dünyada enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. Zəngin təbii yanacaq ehtiyatlarına malik olan Azərbaycanın yürütdüyü uğurlu siyasət nəticəsində həm özünün enerji təhlükəsizliyini təmin edir, həm də digər ölkələrə dəyərli töhfəsini verir. Ölkə başçı cənab İlham Əliyevin rəhbərliyi ilə bir-birinin ardınca həyata keçirilən infrastruktur layihələri arasında enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə dair proqramlar, layihələr mühüm yer tutmaqdadır. 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi də bu layihələrdən biridir. Əlbəttə ki, bu layihə mühüm əhəmiyyət daşıyır. Xüsusilə vurğulamaq lazımdır ki, hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminin əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. Belə ki, hələ sovet dövründə Ümummilli Lider Heydər Əliyev ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə çox mühüm layihələr həyata keçirmişdir. Müstəqil enerji sisteminin quryulması, mövcud təlabatı yerli imkanlar əsasında ödəmək üçün Ulu Öndər ötən əsrin 70-ci illərindən başlayaraq yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi nail oldu. Bu eyni zamanda, respublikanın sənaye potensialının artırılmasında mühüm addım idi.
1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyuldu. Stansiyanın birinci enerji blokunun işə salınması Azərbaycanda tarixi hadisə idi. Ulu öndərin bu münasibətlə 1981-ci ilin 20 oktyabrında Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi bu tarixi təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən, həmin gün “Energetik günü” kimi qeyd edilir.
Mingəçevir elektrik stansiyası müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola oynayır. Prezident İlham Əliyevin Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində dediyi kimi, “Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir”.
Ümumiyyətlə, ölkəmizin neft-qazdan sonra bərpa olunan mənbələrə əsaslanan elektrik enerjisi ilə aparıcı mövqeyə yüksəlməsi günün tələbidir. Bir tərəfdən ətraf mühiti qorumaq daha “təmiz enerji” mənbələrindən istifadəni zəruri edir. Digər tərəfdən isə enerji böhranı dövründə diversifikasiya zərurəti bu enerji növünə qlobal miqyasda ehtiyacı artırır. Ona görə də həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat milli elektroenergetika sisteminin daha da gücləndirilməsini və transformativ prosesləri zəruri edir. Azərbaycan Prezidentinin qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmasının məhsulu olan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq edir. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq.
Bu layihə nəticəsində yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Eyni zamanda,Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor