Dekabrın 17-də Prezident İlham Əliyev Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimində iştirakı mühüm əhəmiyyət kəsb edir. Burada dövlət və hökumət rəhbərləri ilə yanaşı, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin iştirakı xüsusi önəmə malikdir. Məhz bu səviyyədə tədbirin təşkili, qarşıya qoyulan hədəflər, bir sıra iştirakçılıq panellərinin olması və müzakirə olunan məsələlərin coğrafiyası imzalanacaq sazişin daha geniş bir mahiyyət kəsb etməsindən xəbər verir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, dünyada baş verən geosiyasi proseslər bir sıra ciddi problemlər yaradır: Rusiya-Ukrayna müharibəsi Avropada eneji böhranına səbəb olub. Bu mənada dördtərəfli saziş həm də ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlığın əsasını qoyub. Azərbaycanın bu sazişdə də qeyd edildiyi, kimi bərpaolunan enerji sahəsindəki inkişafı və bunu nəql edən ölkə kimi əhəmiyyəti xüsusi ilə qeyd edilir. Sözsüz ki, bu saziş Azərbaycan üzərindən Avropa ilə Mərkəzi Asiya ilə əlaqələrinin inkişafına xidmət edəcək. Eyni zamanda Avropa Komissiyasının prezidenti Ursula Fon Der Lyayen bu sazişin Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcəyini, eləcə də təmiz enerjiyə keçidə nail olmağa dəstək olacağını, bərpaolunan enerji resurslarının artırılmasında mühüm rol oynayacağını qeyd edib. Ümumiyyətlə bu sazişdə nəzərdə tutulan layihə Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyətə malikdir”.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev də bu tədbirdə çıxışında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin Avropanın enerji təhlükəsizliyinə ümumi töhfə adlandırıb: “Dövlətimizin başçısı həmçinin bunu yaşıl enerji dəhlizinin yaradılması yolunda atılan mühüm addım kimi qiymətləndirib. Azərbaycanın belə bir sazişdə iştirak etməsi enerji təhlükəsizliyi və şaxələndirilməsi layihələrində ölkəmizə verilən ardıcıl dəstəklə yanaşı, Avropanın ən etibarlı tərəfdaşı olmasının da növbəti təzahürüdür. Bu ilin iyulunda Avropa Komissiyasının prezidentinin Azərbaycana səfəri çərçivəsində ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandum imzalanıb. Bu Memoronduma görə ölkəmizin Avropa məkanına ixrac etdiyi təbii qazın həcmi artırılır. Dövlətimizin başçısı da qarşıdakı illərdə bu istiqamətdə çox ciddi addımların atılacağını bildirib. Bununla yanaşı Dövlət Neft Şirkəti və Romqaz arasında imzalanan müqavilə yəni, 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə razılaşma mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Buxarestdə imzalanan bu sazişi Azərbaycanla Avropa arasında salınmış enerji körpüsü adlandırıb”.