Dekabrın 17-də Prezident İlham Əliyev Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi çərçivəsində keçirilən plenar iclasda iştirak edib. Bura tədbirə dövlət və hökumət rəhbərləri ilə yanaşı, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen də qatılıb. Sözsüz ki, tədbirdə bu səviyyədə iştirakçılıq panelinin olması və müzakirə olunan məsələlərin, imzalanacaq sazişin nə qədər önəmli olduğundan xəbər verir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib
O hesab edir ki, son illər dünyada baş verən geosiyasi proseslər çox ciddi problemlər yaradıb: “Xüsusilə də Rusiya-Ukrayna müharibəsi nəticəsində baş verən geosiyasi proseslər Avropada ağır eneji böhranına səbəb olub. Bu mənada dördtərəfli saziş həm də ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlığın əsasını qoyub. Azərbaycanın bu sazişdə də qeyd edildiyi, kimi bərpaolunan enerji sahəsindəki inkişafı və bunu nəql edən ölkə kimi əhəmiyyəti xüsusi ilə qeyd edilir. Sözsüz ki, bu saziş Azərbaycan üzərindən Avropa ilə Mərkəzi Asiya ilə əlaqələrinin inkişafına xidmət edəcək. Eyni zamanda Avropa Komissiyasının prezidenti Ursula Fon Der Lyayen bu sazişin Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcəyini, eləcə də təmiz enerjiyə keçidə nail olmağa dəstək olacağını, bərpaolunan enerji resurslarının artırılmasında mühüm rol oynayacağını qeyd edib. Ümumiyyətlə bu sazişdə nəzərdə tutulan layihə Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyətə malikdir”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev də bu tədbirdə çıxışında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin Avropanın enerji təhlükəsizliyinə ümumi töhfə adlandırıb: “Dövlətimizin başçısı həmçinin bunu yaşıl enerji dəhlizinin yaradılması yolunda atılan mühüm addım kimi qiymətləndirib. Azərbaycanın belə bir sazişdə iştirak etməsi enerji təhlükəsizliyi və şaxələndirilməsi layihələrində ölkəmizə verilən ardıcıl dəstəklə yanaşı, Avropanın ən etibarlı tərəfdaşı olmasının da növbəti təzahürüdür. Bu ilin iyulunda Avropa Komissiyasının prezidentinin Azərbaycana səfəri çərçivəsində ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandum imzalanıb. Bu Memoronduma görə ölkəmizin Avropa məkanına ixrac etdiyi təbii qazın həcmi artırılır. Dövlətimizin başçısı da qarşıdakı illərdə bu istiqamətdə çox ciddi addımların atılacağını bildirib. Bununla yanaşı Dövlət Neft Şirkəti və Romqaz arasında imzalanan müqavilə yəni, 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə razılaşma mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Buxarestdə imzalanan bu sazişi Azərbaycanla Avropa arasında salınmış enerji körpüsü adlandırıb”.
Sevinc Hüseynovaya görə, Azərbaycan Avropanın mühüm elektrik enerjisi təçminatçısı olmaqla yanaşı, gələcəkdə mühüm yaşıl enerji təchizatçısı olacaq: “Buxarestdə keçirilən tədbirdə də, Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialından və gələcək perspektivləri haqqında da iştirakçıları məlumatlandırıb. Həmçinin bu tədbirdə çıxış edən Macarıstanın baş naziri və Rumıniya prezidenti ölkəmiz, Prezident İlham Əliyev və Onun beynalxalq aləmdəki nüfuzu haqqında qürurverici fikirlər səsləndirib. Azərbaycanın və Prezident İlham Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olmasının təqdirəlayiq amil olduğu qeyd edilib. Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar etdiyi vurğulanıb”.