Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxmış Azərbaycanın bütöv və müstəqil dövlət kimi beynəlxalq aləmdə gücü və nüfuzu günü-gündən möhkəmlənməkdə və artmaqda davam edir. Təbii ki, Azərbaycanın bu günkü gücünün mənbəyində ümummilli lider Heydər Əliyevin xalqına və dövlətinə olan misilsiz xidmətləri dayanır. O hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun və intibahının başlanğıc tarixidir: “Dünya şöhrətli siyasi xadim Heydər Əliyev hakimiyyətinin birinci dövründə öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Ulu öndər o dövr geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar ölkəni inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmub. Adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir ölkəyə çevirməyə nail olub. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilib, yeni sənaye sahələri yaradılıb. Sənayenin qabaqcıl sahələrində, ilk növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişləndirilməsi prosesi başlanıb. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır”.
Millət vəkili o dövrdə Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərə çarpacaq dərəcədə genişləndirildiyini söyləyib: “Hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi. O illərdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Dahi rəhbər keçmiş ittifaqin ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaradıb. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilib ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaradıb”.
Deputat vurğulayıb ki, XX əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə edən Azərbaycan siyasi böhran, iqtisadi tənəzzül dövrünü yaşayırdı: “Həyatın bütün sahələri kimi iqtisadiyyat da tamamilə çökmüşdü. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Əvvəlcə ictimai-siyasi sabitlik təmin edilib. Bundan sonra iqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb, mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına start verilib. İlk olaraq ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərman imzalanıb. Bununla da iqtisadiyyatın, sahibkarlığın inkişafına mane olan əsassız amillər aradan qaldırılıb. Ümumiyyətlə Ulu Öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən dövlət proqramları qəbul edilib və uğurla reallaşdırılıb. Ulu Öndər Heydər Əliyev 2000-ci ildə 28 May Respublika günü ilə əlaqədar keçirilən təntənəli mərasimdə çıxışında bildirib ki, “Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaqdan ibarətdir.” Bu baxımdan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadiyyatımız Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli və dinamik inkişaf yolu keçib. İqtisadiyyatın dayanıqlılığı təmin edilib. Məhz bu sayədə Azərbaycan xalqının həyat şəraiti günü-gündən daha da yüksəlir”.
Tamam Cəfərova bu gün Azərbaycanın Heydər Əliyev yolu ilə inkişaf etdiyini söyləyib: “Fəaliyyətə başladığı ilk gündən xalq qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan Prezident İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləmiş və vədini real işlərlə doğruldub. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb”.