Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə bayram süfrəsi təşkil edilib. Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə Ramazan bayramı münasibətilə Sabunçu rayonunun Nardaran, Maştağa, Bilgəh və Zabrat qəsəbələrində yaşayan sakinlər – şəhid ailələri, qazilər, aztəminatlı ailələr və ağsaqqallar üçün bayram süfrəsi təşkil edilib.
Siyasətinfo xəbər verir ki, yüzlərlə sakinin iştirakı ilə keçirilən bayram süfrəsi qadınlar üçün Maştağanın Cümə məscidində, kişilər üçün isə “Görüş” sadlıq sarayında hazırlanıb.
Ənənəvi olaraq təşkil edilən bu bayram mərasimində Eldar Quliyevlə yanaşı Milli Məclisin deputatı Əliabbas Salahzadə, ədəbiyyatşünas-şair, professor Vüqar Əhməd, yazıçı, publisist Mahir Qabiloğlu, Azərbaycan Ağsaqqallar Şurasının Aparat əməkdaşları, Sabunçu rayonunun idarə və təşkilatlarının nümayəndələri və nüfuzlu ağsaqqallar iştirak ediblər.
Din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunduqdan sonra mərasimdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev hər kəsi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək tutulan orucların, edilən ibadətlərin və duaların uca Allah dərgahında qəbul olunmasını diləyib. Son illərdə yüksək tərəqqi yolu keçən Azərbaycanın dinamik inkişafından bəhs edən Eldar Quliyev bildirib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun qazandığı böyük Zəfərdən sonra işğaldan azad edilən torpaqlarımızda da hal-hazırda geniş vüsətli quruculuq işləri gedir, ümumiyyətlə ölkəmizin hər bir regionu gündən-günə çiçəklənir. Respublikamızda 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Azərbaycanda və ölkəmizdən kənarda keçirilən tədbirlərdən bəhs edən natiq Ümumilli Liderin Vətənimiz qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Öz nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə, qazilərə, həmçinin aztəminatlı ailələrə göstərilən yüksək diqqət və qayğıdan söz açan Eldar Quliyev vurğulayıb ki, Sabunçu rayonunda uzun illərdir yaşadılan bu gözəl ənənə bundan sonra da davam etdiriləcəkdir.
Sonra çıxış edən ədəbiyyatşünas-şair, professor Vüqar Əhməd də tədbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib və Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə mütəmadi olaraq həyata keçirilən bu xeyirxah əməlləri alqışlayıb. O vurğulayıb ki, xalqımızın mədəni inkişafında böyük əhəmiyyət kəsb edən milli-mənəvi və dini dəyərlərimizə yüksək diqqət ayıran Ümummilli Liderimiz Heydər Əliyevin bu şərəfli missiyasını hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir.
Mərasimdə iştirak edən sakinlər xalqımızın böyük rəğbətini və sevgisini qazanan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Eldar Quliyev başda olmaqla Respublika Ağsaqqallar Şurasına və bayram süfrəsinin təşkil edilməsində əziyyəti olan hər bir kəsə öz təşəkkürlərini bildiriblər.
Mərasim zamanı Eldar Quliyev sakinlərlərin qayğıları və problemləri ilə də yaxından maraqlanıb və onları narahat edən məsələlərin tezliklə həll olunması üçün lazımi tədbirlərin görüləcəyini qeyd edib.