Prezident İlham Əliyevin ölkəmizin bölgələrinə səfərləri hər zaman yeni iş yerlərinin, sosial obyektlərin, yolların, infrastruktur layihələrinin açılışı ilə xarakterizə olunur. Bu baxımdan Prezident İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanın Neftçala və Salyan rayonlarına səfəri mühüm əhəmiyyətə malikdir. Prezident səfər çərçivəsində görülən işlərlə, inkişaf prosesləri ilə yerində tanış olub. Sözsüz ki, dövlət başçısının həyata keçirilən layihələri yerində yoxlayıb, öz tapşırıq və tövsiyələrini verməsi hər zaman regionların sürətli inkişafı və layihələrin icrasının intensivliyi baxımından stimullaşdırıcı amil kimi mühüm əhəmiyyət kəsb edir.
Bunu Siyasətinfo-ya açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat 2004-cü ildən icrasına başlanan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının bu mənada xüsusi önəmə malik olduğunu qeyd edib: “Məhz regionların inkişafına dair dördüncü dövlət proqramının uğurlu nəticələri artıq ölkəmizin bütün regionlarında özünü açıq şəkildə göstərir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb. Bu gün Azərbaycan özünün reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişafa nail olub. Sözsüz ki, icra edilən inkişaf layihələri və dövlət proqramlarının nəticəsi olaraq Azərbaycanın bütün regionlarının dəyişən, yeniləşən siması göz önündədir. Azərbaycan televiziyasına müsahibəsində ölkə başçısı ölkəmizin bölgələrinin inkişaf konsepsiyalarından da bəhs edib. Prezident İlham Əliyev qeyd edib ki, “Bu gün ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Dövlətimizin başçısı Azərbaycan televiziyasına müsahibəsində bir çox mühüm məsələlərlə yanaşı Azərbaycan-Ermənistan arasında normallaşma prosesi, eləcə də Ermənistanda keçirilən beynəlxalq yarışda Azərbaycan bayrağının yandırılması ilə bağlı məsələyə də münasibət bildirib. Ölkəmizin başçısı bir daha sülh prosesində Azərbaycanın irəli sürdüyü təşəbbüslərin əsas amil olduğunu vurğulayıb. Ermənistanın 30 ilə yaxın Azərbaycan torpağında törətdiyi vəhşiliklərə, barbarlığa, dağıntılara baxmayaraq, II Qarabağ müharibəsindən sonra ölkəmiz tərəfindən beynəlxalq hüquqa uyğun beş prinsip əsasında sülh təklif edilib. Proseslərin gedişi göstərir ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh konsepsiyasından başqa çıxış yolu yoxdur. Bu gün regional və qlobal miqyasda söz sahibi olan Azərbaycanla Ermənistanın sülh sazişi imzalaması onun özünə xeyir gətirəcək. Bununlada Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olunacaq. Bu da bölgədə sabitliyi, təhlükəsizliyi inkişafı təmin edən başlıca amildir. Bu baxımdan erməni tərəfi Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ilin Almatı sənədlərinə uyğun olaraq tanıdığını bildirirsə, Qarabağın da Azərbaycan ərazisi olduğunu bəyan etməlidir. Məhz bundan sonra Azərbaycana qarşı ərazi iddiası və başqa məsələləri bir daha gündəmə gətirməməklə bağlı öhdəlik götürməlidir. Bunun nəticəsində bölgədə qalıcı sülhə nail olmaq mümkündür. Əks addımlar sözsüz ki, Ermənistan üçün fəlakət ola bilər”.
Millət vəkili bildirib ki, ölkə başçısının da qeyd etdiyi kimi İrəvanda beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması Ermənistanın bir dövlət kimi mahiyyətinin beynəlxalq ictimaiyyətə bir daha açıq nümayişi idi: “Bu ölkə beynəlxalq idman yarışlarında öz üzərində düşən öhdəlikləri belə icra edə bilmir. Eyni zamanda Azərbaycan bayrağına qarşı məhz bu barbarlıq edilən zaman Ermənistan dövlətinin rəhbərliyi də həmin zalda olub və onların gözü qarşısında bu “olay” baş verib. Hadisənin məhz Ermənistan rəhbərliyinin gözü qarşısında baş verməsi bu çirkin olayın məhz onlar tərəfindəın öncədən planlaşdırıldığını təsdiqləyir. Azərbaycan Prezidenti də bu məsələyə münasibət bildirərkən qeyd edib ki, “Bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”. Məhz bu xəbərdarlıq Ermənistan cəmiyyətindəki bütün millətçilər, şovinistlər, revanşistlər üçün bir dərs olmalıdır. Ermənistanın siyasi rəhbərliyi isə gözləri önündə olan bu iyrənc olaya hüququ qiymət verməkdə belə çətinlik çəkib. Həmin iyrənc əməli törədən şəxs polisə aparılsa da sonradan heç nə olmamış kimi sərbəst buraxılıb və onun ağlında olanlar da onu “alqışlarla” qarşılayıblar. Əslində bu hadisə erməni cəmiyyətində sülh, barışıq, nifrət tandeminin növbəti bir xarakteri idi”.
Sevinc Hüseynova qardaş Türkiyəni Ermənistanda keçirilən beynəlxalq yarışda təmsil edən idmançıların öz qələbələrini Azərbaycana həsr etməsinin isə dostluğumuzun, qardaşlığımızın təzahürü olduğunu söyləyib: “Qardaş Türkiyə idmançıları İrəvanda qələbə qazanaraq Azərbaycana da birlik, həmrəylik mesajı verdilər. Bu bizm birliyimizi, istənilən sahədə olan həmrəyliyimizi təcüssüm etdirən tarixi bir hadisə idi”.