14 aprel tarixində İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması dövlətimizə və millətimizə qarşı Ermənistan tərəfindən yüz ildən çoxdur ki, davam edən barbarlığının və vəhşiliyinin növbəti təzahürü idi. Bu hadisə eyni zamanda Ermənistanın beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərə münasibətinin göstəricisidir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, hadisəyə idman yarışlarındakı adi təhlükəsizlik qaydasının pozulması kimi yanaşmaq sadəlöhvlük olar: “Azərbaycan bayrağına qarşı edilən hörmətsizlik ölkəmizin regionda yaratdığı yeni reallıqları həzm edə bilməyən qüvvələrin ümumiləşdirilmiş obrazıdır. Həm döyüş meydanında, həm də beynəlxalq siyasətdə məğlub olan Ermənistan və onun bacılarının Azərbaycana qarşı istifadə edə biləcəkləri başqa silahları olmadığını anladıqca belə aqressivlik nümayiş etdirdilər. Beynəlxalq qurumlar isə həmişəki kimi sadəcə “narahatlıqlarını” və “təəssüflərini” bildirdilər. bununla yanaşı bir neçə gün öncə Azərbaycan əsgərinə qarşı işgəncə və fiziki zorakılıq törədilməsi, daha sonra beynəlxalq yarışda bayrağımızın yandırılması faktı milli nifrət və düşmənçiliyin Ermənistanın əsas ideologiyası olduğunu göstərir”.
Millət vəkili hesab edir ki. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər qurumların qəbul etdiyi, Ermənistanın da qoşulduğu davranış qaydalarına hörmətsizlik ifadə edən bu fakt araşdırılmalı və hüquqi qiymət verməlidir: “Ermənistanın öz öhdəliklərinə əməl etmədiyinin dəfələrlə şahidi olmuşuq. İstər 2020-ci il 10 noyabr üçtərəfli bəyantının şərtlərinin yerinə yetirilməsində göstərdiyi destruktiv mövqe, istərsə də münasibətlərin normallaşdırılması prosesinin müxtəlif mərhələlərində göstərdiyi münasibət Ermənistanın beynəlxalq münasibətlər sistemində etibarsız tərəf olduğunun bir daha nümayiş etdirir.
Tamam Cəfərova beynəlxalq yarışda Azərbaycan bayrağının yandırılması faktına qarşı da aidiyyatı beynəlxalq təşkilatların yenə də susqunluq nümayiş etdirməsini təəsüf doğurduğunu söyləyib: “Bu fakt da özlüyündə həmin qurumların yenədə ikili standartlara sadiq qaldığını bir daha sübut etdi. Beynəlxalq təsisatların belə ikili standartlar mövqeyinə Azərbaycan cəmiyyəti artıq öyrəşib. Sözsüz ki, onların ədalətinə Azərbaycanın ehtiyacı yoxdur. Azərbaycan ədaləti və beynəlxalq hüququ təkbaşına bərqərar etməyi bacardı və bütün dünya ölkəmizin gücünü gördü. Məzh bu konteksdə Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyir, Avropa Ağır Atletika Federasiyasını bu ölkəyə sanksiya tətbiq etməyə çağırır və cinayətkarların cəzalandırılmasını tələb edirik. Əslində Ermənistan bir daha sübut etdi ki, beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında deyil”.