Müasir dövrdə dövlətlərarası və beynəlxalq platformalarda parlament diplomatiyasının rolu olduqca önəmlidir. Bu mənada ölkəmizin parlament diplomatiyası müstəvisində yürütdüyü xarici siyasət priorotet təşkil edir. Sözsüz ki, Azərbaycan parlamenti hər zaman Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə dəstək verib. Milli Məclis ölkə başçısının yürütdüyü siyasətin istiqamətləri üzərində öz fəaliyyətini qurub.
Bunu Siyasətinfo-ya açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Onun fikrincə, son illərdə həyata keçirilən parlament diplomatiyası nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində və beynəlxalq platformalarda mövqeyini daha da möhkəmlənib: “Bu ölkə başçısının parlament diplomatiyasına verdiyi önəmin nəticəsində mümkün olub. Artıq Azərbaycanda beynəlxalq və regional təşkilatların parlament şəbəkələrinin toplantılarının keçirilməsi ənənəsi formalaşıb. Son bir neçə ayda parlament diplomatiyası çərçivəsində Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə və toplantılara ev sahibliyi edib. Eyni zamanda dünyanın ən müxtəlif ölkələrinin parlament nümayəndələri ölkəmizə səfər edir. Dünya ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri formalaşır. Təbii ki, bu cür əlaqələrin qurulması ölkələr arasında münasibətlırin inkişafına xidmət etməklə yanaşı eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq platformalarda dəstəklənməsində təsirli amildir”.
Millət vəkili bildirib ki, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində, dövlətlərarası münasibətlərin genişlənməsində Milli Məclisin xüsusi rolu var: “Parlament hakimiyyətin çox mühüm qolu olmaqla yanaşı beynəlxalq fəaliyyət istiqamətində əhəmiyyəti böyükdür. Bu gün Azərbaycan parlamenti qanunvericiliyin təkmilləşdirilməsi işində, beynəlxalq hüquq normalarının ratifikasiyası, ikitərəfli və çoxtərəfli beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər görür. Sözsüz ki, Azərbaycan parlamentinin fəaliyyət istiqamətləri, parlamentlərarası münasibətlər beynəlxalq hüquq normalarına əsaslanır. Eyni zamanda parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Azərbaycan parlamenti beynəlxalq təşkilatlarla yanaşı, parlament şəbəkələri ilə sıx təmaslara malikdir. Bu baxımdan Milli Məclisin beynəlxalq əlaqələr komitəsi və parlamentlər arası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Məhz millət vəkillərinin beynəlxalq parlament təşkilatlarında apardıqları uğurlu əməkdaşlıq nəticəsində Ermənistanın işğalçılıq siyasəti ilə bağlı vacib qərarlar qəbul olunub. Beynəlxalq parlament tribunalarından Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistanın törətmiş olduğu barbarlıq faktları geniş ictimaiyyətə çatdırılıb. Azərbaycan parlamenti parlamentlərarası təşkilatların yaradılmasında aktiv rola malikdir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Milli Məclisinin fəal iştirakı xüsusu ilə qeyd etmək lazımdır. Bununla yanaşı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması mühüm önəm kəsb edir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransına ölkəmizin ev sahibliyi etməsi bunun bariz nümunəsidir”.
Deputat VI çağırış Milli Məclis təmsilçilərinin iştirak etdiyi beynəlxalq platformalarda ölkəmizin mövqeləriminin müdafiə olunması üçün kifayət qədər işlər gördüyün söyləyib: “44 günlük Vətən Müharibəsi və ondan sonra əsas vəzifə məhz siyasi müstəvidə hərbi qələbənin təmin edilməsi idi. Məhz bu konteksdə Azərbaycan parlamentinin üzvləri müxtəlif parlament assambleyalarında, qatıldıqları beynəlxalq tədbirlərdə aktiv mövqe sərgiləyib. Erməni təxribatına qarşı tutarlı və təkzibolunmaz faktlarla cavab verilib. Erməni məkrinin bütün beynəlxalq tribunalarda ifşası üçün faktlar ortalığa qoyulub. Təbii ki, parlament diplomatiyasının uğurlarından bəhs edərkən bu mənada Milli Məclisin sədri Sahibə Qafarovanın fəaliyyəti xüsusilə qeyd edilməlidir. Spiker qatılmış olduğu bütün beynəlxalq tədbir və platformalarda erməni yalanlarının ifşa etmiş, onların təxribatları alt-üst etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qanunverici orqanı olan Milli Məclis beynəlxalq platformalarda aktiv iş aparır və ölkəmizin haqlı mövqeyinin dünyada parlament səviyyəsində tanıdılmasında xüsusi rol oynayır”.