Bu gün Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə uğurlu və hücum xarakterli xarici siyasət həyata keçirilir. O, Azərbaycanın xarici siyasətinə rəhbərliyi həyata keçirir, danışıqlar aparır, beynəlxalq müqavilələr imzalayır, Ali Baş Komandan kimi hərbi münaqişə zamanı dövlətin qanunlarını və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə üçün silahlı qüvvələrin tətbiqini, neytrallığın elan olunmasını, saziş və sülh imzalanmasını həyata keçirir. Bu mənada Azərbaycan diplomatiyasının uğurları göz qabağındadır. Sözsüz ki, Azərbaycanın əldə etdiyi uğurların əldə edilməsində parlament diplomatiyasının da özünəməxusus yeri və rolu var.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, müasir dövrdə dövlətlərarası və beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu danılmazdır: “Məhz bunun nəticəsidir ki, son illərdə parlament diplomatiyası yürüdülən xarici siyasətin priorotetini təşkil edir. Azərbaycan parlamenti də hər zaman cənab Prezidentin yürütdüyü həm daxili, həm də xarici siyasətə dəstək verib, parlament diplomatiyası vasitəsi ilə ölkə başçısının yürütdüyü siyasətin uğur əldə etməsi istiqamətində fəaliyyət göstərib və göstərməkdədir. Son illərdə həyata keçirilən parlament diplomatiyası nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində və beynəlxalq platformalarda mövqeyini daha da möhkəmləndirib və dünya ölkələri ilə daha sıx əməkdaşlıq münasibətləri qurmaqdadır”.
Deputat Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsində, dövlətlərarası münasibətlərin genişlənməsində Milli Məclisin getdikcə artır rolundan bəhs edib: “Parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət prioritet istiqamət təşkil edir. Dövlətimiz tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi işində, beynəlxalq hüquq normalarının ratifikasiyası, ikitərəfli və çoxtərəfli beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Parlamentlərarası münasibətlər beynəlxalq hüquq normaları əsasında qurulur. Həmin normalar BMT-nin nizamnaməsində, ATƏT-in Helsinki Aktında, Paris Xartiyasında, Avropa Şurasının sənədlərində öz əksini tapıb. Həmçinin parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Eyni zamanda Milli Məclis müxtəlif parlamentlərarası təşkilatların işində fəal iştirak edir. Buna nümunə olaraq Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası (AŞPA), MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası, Avronest Parlament Assambleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, GUAM Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Parlamentlərarası İttifaq və NATO Parlament Assambleyasını göstərmək olar. Beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı müsbət qərarlar qəbul olunub. Təsadüfi deyil ki, bu gün də beynəlxalq parlament tribunalarında işğaldan azad olunmuş torpaqlarımızda Ermənistanın barbarlığı faktlarla dünya ictimaiyyətinə çatdırılır”.
Millət vəkili bildirib ki. Milli Məclis həmçinin parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir: “Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır. Keçən il Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması Prezident İlham Əliyevin uğurlu xarici siyasəti ilə bağlıdır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransına ölkəmizin ev sahibliyi etməsi buna bariz nümunə oldu. Ümumiyyətlə, VI çağırış Milli Məclis cərəyan edən proseslərə kifayət qədər çevik reaksiya nümayiş etdirir. Milli maraqlarımızın qorunması istiqamətində çalışılır. Parlament təmsilçilərinin iştirak etdiyi beynəlxalq platformalarda mövqelərimizin müdafiə olunması üçün kifayət qədər işlər görülür. Nəzərə almaq lazımdır ki, olduqca məsuliyyətli mərhələyə qədəm qoymuşuq. 44 günlük müharibədən sonra əsas vəzifəmiz siyasi müstəvidə hərbi qələbəmizi təsdiqləməkdir. Biz də zaman itirmədən bu istiqamətdə fəaliyyətə başlamışıq. Siyasi münasibətlər müstəvisində çox uğurlu nəticələr əldə etmişik. Azərbaycan parlamentinin üzvləri müxtəlif parlament assambleyalarında fəal iştirak edirlər. Təbii ki, bu platformalarda Azərbaycanın milli maraqları müdafiə olunur. Ölkəmizə münasibətdə bir çox hallarda əsassız, qərəzli ittihamlar irəli sürülürdü. Azərbaycan parlamenti bu cür hadisələr zamanı çevik, eyni zamanda sərt reaksiya nümayiş etdirib, mövqelərimizi çox ciddi arqumentlərlə müdafiə etməyi bacarıb. Bu xüsusda Fransa Senatının və Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamələrinə qarşı parlament dərhal reaksiya verib. Bundan başqa dəfələrlə belə hallar yaşanarkən Azərbaycan parlamenti adekvat cavab tədbirləri görüb. Təbii ki, bu il də Milli Məclis milli maraqlarımıza uyğun olaraq fəaliyyət göstərəcək və paralel olaraq beynəlxalq müstəvidə qarşılıqlı əlaqələrin güclənməsi istiqamətində kifayət qədər uğurlu işlər görəcək. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Azərbaycan yeni obrazda beynəlxalq siyasi, iqtisadi əməkdaşlıqda iştirak etməkdədir. Müvafiq olaraq Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”.
Tamam Cəfərova parlament diplomatiyasının uğurlarından danışarkən Milli Məclisin sədri Sahibə Qafarovanın fəaliyyətinin xüsusilə qeyd edilməsinin vacibliyini söyləyib: “Milli Məclisin sədri Sahibə Qafarovanın müxtəlif ölkələrin parlament sədrlərilə, həçminin parlamentlərarası təşkilatlarda uğurlu görüşləri, regionun, o cümlədən ölkəmizi problemlərini yüksək tribunalardan tarixi faktlarla və qətiyyətlə səsləndirməsi böyük əhəmiyyət kəsb edir. Bütün bunlar onu deməyə əsas verir ki, bü gün Azərbaycanın qanunverici orqanı olan Milli Məclis beynəlxalq platformalarda aktiv iş aparır və Azərbaycanın haqlı davasının dünyada parlament səviyyəsində tanıdılmasında xüsusi rol oynayır. Artıq Azərbaycan parlamenti dünya parlament müstəvisində söz sahibinə çevrilir. Ötən üç il ərzində parlament diplomatiyası vasitəsilə cənab Prezidentin xarici siyasətinə dəstək verilib. Hesab edirəm ki, qarşıdakı illərdə də Azərbaycan parlamenti uğurlu fəaliyyətini davam etdirəcək”.