Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol bütün dünyaya məlumdur. Enerji sahəsində Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir. Bu baxımdan qeyd etməliyik ki, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında bir daha vurğulanıb. İclaslarda Rumıniya prezidenti Klaus Yohannisin, Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı onu deməyə əsas verir ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələri dünyanın enerji təhlükəsizliyində müstəsna rol oynayır.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsi və genişləndirilməsi istiqamətində yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir: “Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar olsa da Azərbaycanın təşəbbüsləri ilə bu layihə uğurla başa çatdırıldı. Artıq bu qlobal layihənin genişləndirilməsi məsələsi gündəmdədir. Bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib. Neft hasilatı ilə başlayan enerji layihələri daha sonra qaz hasilatı, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin tikintisi, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə davam etdirilib. Artıq iki ildir ki, Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir və bununla da Azərbaycanın təbii qazı Avropaya çatdırılır. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında da bu Dəhlizin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində müzakirələr aparılıb”.
Millət vəkili bildirib ki, enerji təchizatının davamlı olaraq şaxələndirilməsi indiki dövr üçün olduqca zəruri məsələlərdəndir: “Azərbaycan enerji sahəsində mümkün şaxələndirilmələrin aparılmasına hazırdır. Ona görə də, əvvəlki dövrdlərdə görülmüş işlər bu gün də uğurla davam edir. Uzun müddət müzakirə predmeti olmuş, bir-birilə uzlaşmayam bəzi güc mərkəzlərinin siyasi yanaşmaları səbəbindən reallaşdırılmayan NABUKKO layihəsinə alternativ olaraq Azərbaycan tərəfindən irəli sürülmüş və Azərbaycan Prezidentinin səyləri hesabına həyata keçirilmiş Cənub Qaz Dəhlizi bu gün dünya tərəfindən Avropanı və digər maraqlı tərəfləri qane edən ən uğurlu layihə kimi qəbul edilir. Bu baxımdan keçən ilin ortalarında Avropa Komissiyasının Prezidenti Fon Der Lyaenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanmış “Enerji sahəsində Strateji əməkdaşlıq haqqında” Memorandum dövlətimizin apardığı enerji siyasətinin beynəlxalq miqyasda qəbul edildiyinin və dəstəkləndiyinin əyani təzahürdür”.
Tamam Cəfərova deyib ki, Azərbaycanın həyata keçirdiyi irihəcimli layihələrin əsasında güclü, sarsılmaz siyasi iradə və davamlı fəaliyyət dayanır: “Prezident İlham Əliyevin vurğuladığı kimi “Güclü siyasi iradəmiz və fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur”. Məhz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclasda çıxış edən digər rəsmi şəxslər də Azərbaycanın bu sahədə qazandığı uğurları və Cənub Qaz Dəhlizinin Avropanın enerji şaxələndirilməsində oyandığı mühüm rolu xüsusilə qeyd edib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasətinin uğurlarıdır. Bu uğurlar ölkəmizin beynəlxalq miqyasda günü-gündən artan nüfuzunu daha da möhkəmləndirir”.