Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu beynəlxalq hüquqa uyğun olaraq araşdırılmalı, cinayəti törədənlər cəzalandırılmalıdır. Terror aktının beynəlxalq səviyyədə pislənməsi, onu təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputatlar bildirib ki, son zamanlar İranın ölkəmizə qarşı mövqeyi ortadadır: “Çünki öz ərazilərini erməni işğalından azad edən Azərbaycanın həm regionda, həm də dünyada mövqelərini güclənib. Eyni zamanda, dövlətimiz regionda sülh və əməkdaşlıq müstəvisində önəmli təşəbbüslərlə çıxış edir. Bütün bunlar rəsmi Tehranı narahat edir. İran hakimiyyətinin bir müddətdir ki, ölkəmizə qarşı qərəzli, təhdid dolu münasibəti də buradan qaynaqlanır. Bütün bunların fonunda Tehrandakı səfirliyimizə terror hücumu ciddi suallar doğurur”.
Onun sözlərinə görə, bu terror aktı törədiləndən indiyə qədər səfirliyimizə qarşı silahlı hücum xeyli sayda dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən pislənilib: “Eyni zamanda, terroru törədənlərin cəzalandırılmasının zəruriliyi verilmiş bəyanatlarda vurğulanıb. Amma rəsmi Tehran üzv olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda terror hücumunun beynəlxalq müstəvidə geniş şəkildə ifşa olunmasının qarşısının alınmasına çalışır. Bu baxımdan, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub.
Sevinc Fətəliyeva vurğulayıb ki, bu kimi faktlar həmin terror hadisəsinin İranda dövlət səviyyəsində himayə olunduğunu göstərir: “Terroru törədən cinayətkarın İran televizayalarına çıxarıb onun müsahibəsini təqdim etmək, cinayəti məişət zəmininə yönləndirmək cəhdləri yolverilməzdir. Terror hadisəsi ilə bağlı yayılan yeni videofaktlardan da görünür ki, hadisə yerinə polis maşını gəlsə də, səfirliyə daxil olaraq terrorçunun zərərsizləşdirilməsi üçün heç bir addım atmır. Digər tərəfdən, terrorçunu ruhi xəstə adı ilə xəstəxasnaya yerləşdirmək də cinayəti ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Azərbaycanın Xarici İşlər Nazirliyinin son məlumatlarından da göründüyü kimi rəsmi Tehran terrorçunun cəzalandırılması və hadisənin obyektiv araşdırılması istiqamətində indiyədək əsaslı tədbir görməyib. Bütün bunlar isə terrorun İran rejimi tərəfindən sifariş edildiyini deməyə əsas verir”.