Fevralın 8-də “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusunda konfrans keçirilib.
YAP Mərkəzi Aparatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda giriş nitqi ilə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmişdir. Təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Liderin zəngin həyat yolunun və müstəsna fəaliyyətinin bütün mərhələlərinin dərindən öyrənilməsi, Heydər Əliyev irsinin və ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə il ərzində ölkə ərazisində və respublikamızın hüdudlarından kənarda çoxsaylı tədbirlər keçiriləcəkdir. Tahir Budaqov vurğulayıb ki, Ulu Öndərin siyasi mirası olan, onun ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçən və tarixi nailiyyətlər qazanaraq ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmişdir: “Tədbirlər Planı çərçivəsində Heydər Əliyev şəxsiyyətinin müasir dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun tədqiq olunması, müstəqil Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi və təbliği məqsədilə il ərzində müsabiqələrin, aksiyaların, görüşlərin, elmi-praktik konfransların və digər bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Xüsusi vurğulamaq istəyirəm ki, Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı “Heydər Əliyev İli” ilə əlaqədar keçiriləcək bütün tədbirlərimizdə istifadə etmək üçün deviz olaraq seçilmişdir. Çünki Heydər Əliyevin vaxtilə dahiyanə şəkildə ifadə etdiyi bu fikir müasir Azərbaycanın timsalında öz təsdiqini tapır. İstər SSRİ dönəmində, istərsə də müstəqilliyin bərpasından sonra Azərbaycanın inkişaf yoluna nəzər saldıqda görürük ki, ölkəmizin qurtuluşu və tərəqqisi bilavasitə Heydər Əliyevin adı və siyasəti ilə bağlıdır. Azərbaycanın bütün uğurlarında Ulu Öndərin imzası, irsi və ideyaları öz əksini tapmışdır. Heydər Əliyev məqsədyönlü və uzaqgörən siyasət həyata keçirməklə bütün sahələrdə parlaq nailiyyətlərin qazanılmasını təmin edərək yeni Azərbaycan reallığını və ölkəmizin parlaq gələcəyinin etibarlı bünövrəsini yaratmışdır”.
YAP Sədrinin müavini qeyd edib ki, bu gün Ümummilli Liderin şah əsəri və xalqımıza ən böyük mirası olan müasir müstəqil Azərbaycan onun əbədiyaşar ideyaları əsasında möhtəşəm nailiyyətlərə imza ataraq zirvələr fəth edir: “Bu reallıq Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin Heydər Əliyev irsi və ideyaları ilə bağlı olduğunu birmənalı şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir”.
“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusunda keçirilən bugünkü tədbirimiz də Ümummilli Liderin ideya-siyasi xəttinin, zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması baxımından mühüm əhəmiyyətə malikdir. İnkaredilməz həqiqətdir ki, Heydər Əliyev tarixi və siyasi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə xüsusi önəm verməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan çox mühüm təşəbbüslər irəli sürüb, vacib addımlar atıb. Onun xalqımızın zəngin ənənələrinə və dəyərlərinə, dövlətçilik maraqlarına uyğun və dövrün çağırışlarına adekvat cavab verən gender siyasəti də bu baxımdan xüsusi vurğulanmalıdır”,- deyən Tahir Budaqov vurğulayıb ki, gender siyasəti Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Gender bərabərliyi üçün hüquqi bazanın və ictimai-siyasi əsasların yaradılması, qadın hüquqlarının qorunması və qadınların cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallığının təmin olunması vacib prioritetlərdən biri kimi müəyyənləşdirilmiş, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, “Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır”,- deyən Heydər Əliyev hələ sovetlər birliyi dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirmişdir. Eyni zamanda, öz üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirərək respublikanın inkişafına layiqli töhfələr verən qadınların səmərəli fəaliyyətinin davamlı olması üçün Heydər Əliyev önəmli stimullaşdırıcı tədbirlər həyata keçirmişdir. Peşə fəaliyyətində fərqlənən qadınların mükafatlandırılması, müxtəlif adlarla təltif olunması və bir sıra digər addımlar bu baxımdan böyük əhəmiyyətə malik olmuşdur.
Tahir Budaqov söyləyib ki, Ümummilli Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi, sabitlik və inkişaf dönəmi kimi yadda qalan 1993-2003-cü illərdə də milli-mənəvi dəyərlərə, milli maraqlara və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan məqsədyönlü gender siyasəti həyata keçirilmişdir: “Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsi – referendum nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında gender siyasətinin hüquqi əsaslarının təsbit olunmasını bu kontekstdə xüsusi vurğulamaq lazımdır. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının yer aldığı Azərbaycan Konstitusiyasında gender məsələləri də öz əksini tapmışdır. Bununla yanaşı, Heydər Əliyevin imzaladığı bir çox fərman və sərəncamlar birbaşa və dolayısıyla qadın hüquqlarının müdafiəsinə yönəlmişdir. Müdrik dövlət xadiminin müvafiq fərmanları ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi, Azərbaycanın “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulması və digər addımlar gender siyasətinin səmərəliliyini təmin etmişdir. Bir sözlə, Heydər Əliyev irsinin tədqiqi deməyə əsas verir ki, Ümummilli Lider çağdaş gender siyasəti həyata keçirməklə mütərəqqi nümunə yaratmış və beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycanın müasir və demokratik dövlətlər sırasında layiqli yer tutmasını təmin etmişdir”.
YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, Ümummilli Liderin siyasətini uğurla və inamla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ənənə ilə müasirliyin vəhdətinə və siyasi varislik prinsipinə əsaslanan strateji kursunda gender bərabərliyinin təmin olunması, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması kimi məsələlər də mühüm yer tutur: “Bu kontekstdə qanunvericilik bazasının zənginləşdirilməsi, qadınlara dövlət idarəçiliyinin müxtəlif sahələrində etimad göstərilməsi, onların yüksək fəallığı və faydalı təşəbbüslərlə çıxış etməsi üçün geniş imkanların yaradılması, zəruri şərtlər və şəraitin təmin olunması və bir sıra digər tədbirlərin reallaşdırılması dövlət başçısının gender bərabərliyi məsələsini daim diqqətdə saxladığını göstərir. Prezident İlham Əliyevin “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir” fikri isə onun modern və nümunəvi gender siyasətinin mahiyyətini əks etdirməklə yanaşı, Azərbaycan qadınlarına böyük inam və etimadının bariz ifadəsidir”.
Tahir Budaqovun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələr də gender məsələlərinin tənzimlənməsi, qadınların hüquqlarının qorunması və ictimai-siyasi fəallığının yüksəldilməsi baxımından müstəsna önəm daşıyır: “Əvvəla qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva məhsuldar fəaliyyəti ilə milli-mənəvi dəyərlərə, tarixi ənənələrə sadiq, vətənpərvər və xeyirxah Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynamışdır. Onun nümunəvi həyat və fəaliyyəti qadınlar üçün əsl örnək olmaqla yanaşı, zərif cinsin nümayəndələrinin cəmiyyət həyatında rolunun artmasına stimul vermişdir. Adı xeyirxahlıq, vətənpərvərlik anlayışları ilə assosiasiya olunan, milli və bəşəri dəyərlərə bağlılığı ilə fərqlənən, ictimai-siyasi obrazı nümunəvi xarakter daşıyan Mehriban xanım Əliyevanın gördüyü işlər ölkəmizdə olduğu kimi, beynəlxalq miqyasda da yüksək dəyərləndirilir. Ayrı-ayrı dövlətlərin rəsmiləri, nüfuzlu siyasətçilər, tanınmış ictimai xadimlər, alimlər Mehriban xanım Əliyevanın milli məzmunlu, qlobal əhəmiyyətli işlərini təqdir edirlər. Bu isə Birinci xanımın timsalında Azərbaycan qadınının beynəlxalq ictimai rəydə müsbət obrazının möhkəmlənməsini şərtləndirir”.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi, ölkənin və Cənubi Qafqaz bölgəsinin ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının da fəaliyyət konsepsiyasında gender məsələləri önəmli yer tutur və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir: “Yeni Azərbaycan Partiyasının Proqramında gender bərabərliyinin təmin edilməsi və ailə institutunun inkişafının YAP-ın diqqət mərkəzində dayanan əsas məsələlərdən biri olduğu qeyd edilmişdir. Gender əsaslı zorakılıq hallarının qarşısının alınması, əmək bazarında qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi, ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi, zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sisteminin təkmilləşdirilməsi kimi məsələlər bu sahənin inkişafı ilə bağlı partiyanın hədəfləri kimi müəyyən olunmuşdur. Ümumiyyətlə, partiyamızın siyasi dinamizmini təmin edən amillərdən biri səmərəli gender siyasətinin həyata keçirilməsi, cəmiyyətin bütün təbəqələrindən olan sağlam düşüncəli və möhkəm əqidəli insanların, o cümlədən müxtəlif sahələrdə səmərəli fəaliyyətə malik qadınların seçiminin Yeni Azərbaycan Partiyası olmasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının qadın nümayəndələri cəmiyyət həyatının və dövlət idarəçiliyinin müxtəlif sahələrində, qanunverici və icra hakimiyyəti orqanlarında uğurla təmsil olunurlar”.
“Təqdirəlayiq haldır ki, ali dəyərlərin daşıyıcısı və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib olan Azərbaycan qadınları milli dəyərlərin və dövlətçilik maraqlarının qorunmasına, milli hədəflərin və strateji prioritetlərin reallaşdırılmasına mühüm töhfələr verirlər. Şübhə yoxdur ki, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan zərif cinsin nümayəndələri bundan sonra da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Ulu Öndərin zəngin dövlətçilik irsi əsasında Zəfər yolunda əmin addımlarla irəliləyən müstəqil Azərbaycanın tərəqqisində vacib rol oynayacaq, onlara göstərilən inam və etimadı doğruldacaqlar” ,- deyə Tahir Budaqov qeyd edib.
Konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Heydər Əliyev Azərbaycanda gender bərabərliyinin təmin olunması sahəsində milli qanunvericiliyin yaradıcısıdır” mövzusunda təqdimatla çıxış edib. Hicran Hüseynova bildirib ki, bütün varlığı ilə dövlətinə, xalqına xidmət edən ulu öndər Heydər Əliyevin 100 illik yubiley tədbirləri təkcə Azərbaycanda deyil, hətta dünyanın bir çox ölkələrində keçiriləcək. Çünki harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Onu hörmət və qürur hissi ilə yad edir. Əlbəttə ki, bizim hər birimiz Ümummilli Liderin şəxsiyyəti qarşısında öz mənəvi borcumuzu yerinə yetirməyə çalışırıq. Milli Məclis ilə Yeni Azərbaycan Partiyasının bu gün birgə keçirdiyi konfrans da buna bariz nümunədir.
O qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən şəxsiyyətdir: “Ulu Öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, tarixi ənənələrin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görüb. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdir. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və bu sahədə qanunvericilik bazasının formalaşması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın haqlarının müdafiəçisinə çevrilib. Ulu Öndər müstəqillik dövründə qadın hüquqlarının qorunması üçün bir çox hüquqi-normativ aktlar, qanunlar təsdiqləyib, mühüm sərəncam və fərmanlar imzalayıb. Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiya heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd olunub ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Hüquq bərabərliyi bir sıra məcəllələrlə, o cümlədən Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar Məcəllələrlə və digər qanunlarla təsbit olunub”.
Parlamentin komitə sədri qeyd edib ki, ölkəmizdə qadın hüquqlarının qanunvericilik çərçivəsində öz həllini tapması üçün beynəlxalq qanunvericiliyin öyrənilməsi vacib məsələlərdən biri idi. Müstəqilliyimizin ən çətin dövründə belə Ulu Öndər bu sahəyə də xüsusi diqqət ayırırdı. Belə ki, Azərbaycan bir sıra beynəlxalq konvensiyaları, protokolları qəbul edərək milli qanunvericiliyimizi təkmilləşdirib. Onun sözlərinə görə, qanunvericilik aktlarında qadın hüquqlarının müdafiəsi, bərabərlik prinsipi, gender yanaşması daim gözlənilib. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyevin xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. O, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa-dayaq olub, xalqı ardınca aparıb.
Hicran Hüseynova diqqətə çatdırıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləyib, mühüm nailiyyətlər əldə edib: “Bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla daha da gücləndirərək yüksək səviyyədə davam etdirilməsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bugünədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. Xüsusilə hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olunub. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verdi, eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb oldu. “Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva isə öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur”,- deyə Hicran Hüseynova vurğulayıb.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova “Azərbaycanda dövlət qadın siyasətinin əsasları” mövzusunda çıxış edərək bildirib ki, bu il respublikamızda və ölkəmizdən kənarda “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı tədbirlərin təşkil olunması ilə əlamətdardır: “Demək olar ki, ölkəmizlə əlaqəsi olan hər kəs bu il Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində, xalqımızın həyatında oynadığı rol, Onun xidmətləri, fədakarlığı nəticəsində müasir Azərbaycan dövlətinin qurulması kimi bağlı mövzular ətrafında danışır, fikir mübadiləsi edir. Hər kəs çox böyük minnətdarlıq və ehtiram hissi ilə böyük şəxsiyyət Heydər Əliyevi yad edir, Onun xatirəsi qarşısında baş əyir və dahi Liderin xidmətlərindən doğan öhdəliklərini, məsuliyyətlərini dərk edərək sabaha böyük inamla baxır. Ona görə inamla baxırlar ki, Azərbaycanın müstəqilliyinin bərpası dönəmində və ona qədərki dövrdə Heydər Əliyev bir insanın, şəxsiyyətin, Liderin öz xalqı və dövləti üçün edə biləcəyi mümkün nə varsa, hamısını etməyin nümunəsini və örnəyini yaradıb. Bu baxımdan, Heydər Əliyev və Azərbaycan mövzusu hər zaman tədqiqat obyekti olacaq və bizim hər birimizin vəfa borcudur ki, bununla bağlı həm fəaliyyətimizdə, həm də onun müxtəlif aspektlərini geniş ictimaiyyətə çatdırmaq istiqamətində işimizi düzgün quraq. Hesab edirəm ki, bu konfrans məhz bu vəzifələrə cavab verən çox gözəl bir tədbirdir. Burada Heydər Əliyev və Azərbaycanda gender siyasəti, xüsusilə onun qanunvericilik kontekstində araşdırılması ilə bağlı bir sıra fikirlər səsləndirildi. Əlbəttə, əgər bunu biz konkret qanunların qəbulu və onun icrası ilə bağlı qəbul edilən fəaliyyət planları, dövlət proqramlarından kənar ümumilikdə dəyərləndirmək istəsək, onu bir neçə dövrə bölmək olar. Həmçinin tədbirdə səsləndirildiyi kimi, Azərbaycanın həyatının ən çətin məqamlarında Heydər Əliyev bütün sahələrdə olduğu kimi, bu sahədə də vacib qərarların qəbulu ilə tarixə düşüb”.
Bahar Muradova qeyd edib ki, 1995-1998-ci illər Azərbaycanda qadın hüquqlarının qorunması və ümumilikdə gender siyasətinin formalaşması ilə bağlı çox vacib illər olub: “Əgər buna qədər Azərbaycanda qadın hüquqlarının təmin olunması, qorunması və inkişafı bir hərəkat, ictimai xarakter daşıyırdısa, ayrı-ayrı təşəbbüsləri, bu və ya digər problemlərin həlli kontekstində müəyyən məqamları özündə əks etdirirdisə, Heydər Əliyevin hakimiyyəti dönəmində bu məsələlər sistemli xarakter aldı. Çünki müstəqilliyini möhkəmləndirəcək bir ölkədə bərabər hüquqları bəyan etməkdən, qadın hüquqlarının vacib olduğunu vurğulamaqdan daha irəliyə getmək və onun ciddi hüquqi qanunverici əsaslarını yaratmaq, icra mexanizmlərini formalaşdırmaq lazım idi. Bu illərdə Heydər Əliyev məhz bu addımları atdı. Konstitusiyanın 25-ci maddəsində əks olunan bərabərlik hüququ özlüyündə kişi və qadınların, Azərbaycan vətəndaşlarının bir şəxsiyyət olaraq bu prosesdə iştirakına verilən önəmi və onun üçün yaradılan şəraiti özündə ehtiva edir. Odur ki, biz həmin dönəmdə qadın hüquqlarından daha çox artıq gender bərabərliyinin təmin olunmasına yönələn bir istiqaməti görməyə başladıq. Bu, eyni zamanda, beynəlxalq ictimaiyyətə də bir mesaj idi ki, biz yalnız hüquqları bəyan etmirik, onun bərabər imkanlara və bərabər nəticələrə çevrilməsi istiqamətində də addımlar atırıq. Biz əgər ulu öndər Heydər Əliyevin gender siyasətini müəyyənləşdirib bəyan edərkən istinad etdiyi məsələləri xatırlasaq, onun Azərbaycanın milli-mənəvi dəyərləri, o cümlədən ailə dəyərləri, bizim tarixi keçmişimiz, bizi biz edən dəyərlərimiz barədə nə qədər böyük qürurla, fəxarətlə, eyni zamanda, can yanğısı ilə danışdığını yada salmalıyıq. Ona görə də biz Heydər Əliyevin təkcə bu hüquqları bəyan etməsi deyil, onun reallaşması üçün vacib olan nələri qorumağı vurğulamasını xatırlamalıyıq”.
Dövlət Komitəsinin sədri qeyd edib ki, gender siyasətinin reallaşdırılması ilə bağlı qadın forumlarının, qurultaylarının keçirilməsi çox ciddi bir formatdır. Əgər 1995-1998-ci illər qadın hüquqlarının qorunmasının dövlət siyasətinə çevrilməsi ilə xarakterizə olunurdusa, ondan sonrakı dövr bu prosesin qadın siyasətinə transformasiyasını və gender mədəniyyətinin təbliği məsələsini önə çıxarmışdı. Hansı ki, 2006-cı ildə qəbul olunan “Gender bərabərliyinin təminatları haqqında” Qanun bu məsələləri özündə ehtiva edirdi. Burada mexanizmlərin yaradılması, qanunun nəzərdə tutduğu müddəaların yerinə yetirilməsi, müvafiq dövlət orqanlarının gender bərabərliyinin təmin olunması ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi, əmək hüquqları, təhsil, siyasi partiyalarda, ictimai fəaliyyətlərdə, həmkarlar təşkilatlarında bərabərliyin təmin olunması və cavabdehliyin müəyyən olunması ilə bəzi mexanizmlər hələ də müəyyənləşməyib. Bununla bağlı təkliflərimiz hazırlanır. Amma özlüyündə bu qanun qısa bir müddətdə Azərbaycan cəmiyyətini gender siyasətinin ən yüksək səviyyədə təşkil olunması, həyata keçirilməsi ilə xeyli dərəcədə irəliyə apardı. 2020-ci ildən sonra isə artıq Milli Məclisdə “Gender bərabərliyinin təminatları haqqında” Qanunun yerinə yetirilməsi ilə bağlı illik məruzələrin təqdimatı ilə biz de-fakto gender bərabərliyinin təmin olunmasının vəziyyəti barədə monitorinq apardıq. Bu monitorinqlərin nəticələri bütün əlaqədar qurumlara bu istiqamətdə hansı addımların atılmalı olduğunun vacibliyini vurğulayır”.
Siyasi partiyalarda gender bərabərliyinə toxunan Bahar Muradova deyib ki, Yeni Azərbaycan Partiyasında nümunə olaraq gender məsələləri ilə məşğul olan ayrıca bir şöbənin yaradılması önəmli məqamdır. Onun sözlərinə görə, Ulu Öndərin zamanında da yüz minlərlə qadın Yeni Azərbaycan Partiyasına üzv olurdu. Bu proses hazırda uğurla davam edir. Bu gün isə bütövlükdə Azərbaycan cəmiyyəti gender bərabərliyi məsələsinə xüsusi diqqət göstərir. Bu fakt onu göstərir ki, Azərbaycan cəmiyyəti gender bərabərliyinin təmin olunmasında nə dərəcədə maraqlıdır.
Tədbirdə “Azərbaycan qadınlarının irəli çəkilməsində Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bildirib ki, konfrans Heydər Əliyev kimi böyük şəxsiyyət haqqında öz düşüncələrimizi, hisslərimizi bölüşmək üçün çox yaxşı imkandır. “Biz çox xoşbəxtik. Biz fəxr etməliyik ki, belə bir dahi insanla bir dövrdə yaşamışıq. Bu böyük insan, görkəmli dövlət xadimi olan Heydər Əliyev bizim gözəl diyarımızı bütün dünya ictimaiyyətinə tanıtdı. Onun dərin bilikləri, ölkəsinə, hər bir azərbaycanlıya məhəbbəti Azərbaycan üçün çox dəyərli oldu. Müstəqillik hər bir dövlət və xalq üçün tarixi nemətdir. Lakin bu müstəqilliyi düzgün qurmaq və düzgün inkişaf etdirmək üçün çox böyük biliklər lazım idi. Bizim unudulmaz rəhbərimiz, Ulu Öndərimiz o biliklərə malik idi”.
Azərbaycanda gender bərabərliyinin tarixindən danışan Dilarə Seyidzadə xatırladıb ki, Xalq Cümhuriyyətimizi yaradan insanların ilk addımı Azərbaycan qadınının cəmiyyətdə rolunu yüksəltmək idi: “Hələ 1907-ci ildə Rusiyanın parlamentində deputat olan Xəlil bəy Xasməmmədov müsəlman fraksiyasında çıxış edərək təklif etmişdi ki, qadınlara səs hüququ verilsin. Sonra belə bir qərar qəbul olundu. Ancaq kişilərlə qadınlar ayrı-ayrı səs verirdilər. Onlar Xalq Cümhuriyyətini qurandan sonra ilk addımlarından biri o oldu ki, Azərbaycan qadınına səs vermək hüququ verilsin”.
YAP Veteranlar Şurasının üzvü ulu öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərində Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışaraq dövlət qadın siyasətinin formalaşmasından ətraflı bəhs edib. Müstəqilliyimizin ilk illərinin çox çətin və mürəkkəb olduğunu xatırladan Dilarə Seyidzadə deyib ki, bütün çətinliklərə baxmayaraq, Ulu Öndər Azərbaycan qadınını heç vaxt unutmurdu, qadınların cəmiyyət həyatında rolunun artırılmasına xüsusi diqqət yetirirdi. Eyni zamanda, Azərbaycan qadınlarının beynəlxalq platformalarda təmsilçiliyinə də Heydər Əliyev xüsusi həssaslıqla yanaşırdı. Bunun ilk nümunəsi 1994-cü ildə Azərbaycan qadınlarının Pekində keçirilən Dünya Qadınları Konfransında iştirakı oldu. İlk dəfə idi ki, Azərbaycanın qadın nümayəndəsi beynəlxalq konfransda həmsədr seçildi. Bu uğurun əldə olunmasında ulu öndər Heydər Əliyevin nüfuzu müstəsna rol oynadı”.
Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşən Dilarə Seyidzadə deyib: “Mən çox xoşbəxtəm ki, 10 il Heydər Əliyev kimi dahi insanın yanında işləmişəm. Onun qadına olan münasibəti əsl örnəkdir, nümunədir. Bu il ölkəmizdə “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək. Biz Azərbaycanı zirvələrə yüksəldən bu böyük insanla hər zaman fəxr edirik”.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva konfransda “Qadın hüquqlarının müdafiəsi dövlətin prioritet məsələsidir” mövzusunda çıxış edib. O bildirib ki, Azərbaycan qadını tariximizin bütün dönəmlərində cəmiyyətimizin mənəvi dayağı olub, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib. Bu gün də Azərbaycan qadınları Vətənimizin inkişafına, dövlət quruculuğuna böyük töhfələr verirlər. Bu bir faktdır ki, ölkəmizdə dövlət gender siyasətinin əsasları ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Heydər Əliyev zəkasının məhsulu olan Azərbaycanın Konstitusiyası demokratik, hüquqi dövlət quruculuğunun təminatçısı olmaqla bərabər, qadınlarla kişilər arasında istənilən növ ayrı-seçkiliyin yolverilməzliyini bir daha təsdiq edərək, onların bərabər şəkildə insan hüquqları və fundamental azadlıqlardan istifadə etmələrini təmin edir.
Ombudsmanın sözlərinə görə, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni, fəallığı və yüksəlişi ilə fərqlənən mərhələ başlanıb: “1994-cü ildə Heydər Əliyev Pekində keçiriləcək IV Dünya Qadın Konfransına hazırlıqla əlaqədar milli komitə yaradılması haqqında fərman imzaladı və Azərbaycan qadınları bu konfransda yüksək səviyyədə təmsil olundu. Bu da respublika qadın cəmiyyətinin formalaşmasına güclü təkan verdi. 1995-ci ilin iyun ayında ölkəmiz BMT-nin “Qadınlara münasibətdə hər cür ayrı-seçkiliyin ləğv edilməsi haqqında” Konvensiyasına qoşuldu və öz üzərinə müvafiq öhdəliklər götürdü. Daha sonra Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə islahatlar həyata keçirildi, qanunvericilik bazası formalaşdırıldı, səmərəli hüquq müdafiə mexanizmləri yaradıldı”.
Səbinə Əliyeva qeyd edib ki, bu gün də Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. Ulu Öndərimiz tərəfindən əsası qoyulan yolun və siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycanda qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmini ilə bağlı böyük uğurlara nail olunub. İnsan hüquqlarının tərkib hissəsi olan qadın hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahələrdə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Vurğulanıb ki, Azərbaycanda qadın siyasəti sahəsində strategiyaların uğurla davam etdirilməsinə, qadınların ictimai həyatda fəal iştirakına və idarəetməyə cəlb olunmasına xüsusi diqqət yetirilir. Bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda dövlət qadın siyasətinin uğurlu inkişafı istiqamətində həyata keçirdiyi mühüm fəaliyyət xüsusi vurğulanmalıdır. Məhz onun rəhbərliyi altında qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmini məsələsinə xüsusi önəm verilir, gender problemlərinin, qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində uğurlu layihələr həyata keçirilir.
Səbinə Əliyeva diqqətə çatdırıb ki, siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyi amilinə daha çox əhəmiyyət verilməsi ölkədə insan hüquqlarının qorunmasına da öz töhfəsini verir: “Qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpası daim Ombudsmanın da diqqətindədir. Qadın hüquqlarının müdafiəsi istiqamətində tərəfimizdən səlahiyyətlərimiz çərçivəsində fəaliyyət həyata keçirilir, gender bərabərliyinin səmərəli təmin edilməsi məqsədilə təkliflər irəli sürülür. Ombudsmanın ünvanına qadınların pozulmuş hüquqları ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Daxil olan bütün müraciətlərə çox böyük həssaslıqla yanaşılır, qaldırılan məsələlərin həlli ilə bağlı operativ olaraq addımlar atılır, bir çox hallarda zəruri tədbirlər görülərək hüquqlar təmin edilir. Müvəkkil tərəfindən qadınların müxtəlif qruplarının xüsusiyyətləri baxımından onların hüquqlarının müdafiəsinə fərqli, bəzən isə fərdi yanaşma tətbiq olunur. Qeyd edilənlərlə yanaşı, Ombudsman tərəfindən Bakı Dövlət Universitetində bir çox fakültələrində “Genderə giriş” və “İnsan hüquqları” fənləri tədris olunur, qadın hüquqları, gender bərabərliyi, zorakılıqla mübarizə və bu kimi digər mövzularda mühazirələr aparılır. Bu da öz növbəsində gender anlayışının təbliğinə, gender nəzəriyyəsinə yeni yanaşmaların formalaşmasına, gender münasibətlərinin təkmilləşməsinə və perspektiv inkişafına xidmət edir. Müvəkkilin təşəbbüsü ilə hər il ölkədə “Sülh aylığı”, “Uşaq hüquqları aylığı”, “İnsan hüquqları aylığı” keçirilir. Bu aylıqlar əhalinin müxtəlif qruplarının, o cümlədən qadınların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə işinin daha kütləvi şəkildə həyata keçirilməsinə, insanların gender düşüncəsinin və gender mədəniyyətinin inkişaf etdirilməsinə imkan yaradır”.
“Müvəkkil tərəfindən qadınlara qarşı zorakılıq probleminin aradan qaldırılması, ahıl qadınların, tənha anaların da hüquqları təmin olunması, yeniyetmə qızların erkən və qeyri-rəsmi nikahlarının qarşısının alınması istiqamətində ardıcıl işlər aparılır. Azərbaycan qadını həm də şəhid anasıdır, şəhid bacısıdır, şəhid yoldaşıdır, şəhid övladıdır. Azərbaycan anasının yetişdirdiyi igid oğullar öz Vətənlərinin keşiyində ayıq-sayıq dayanırlar. Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizin ictimai, siyasi, elmi, təhsil və mədəni həyatında fəal rol oynayacaq, üzərinə düşən şərəfli analıq və vətəndaşlıq vəzifələrini uğurla yerinə yetirəcək”,- deyə Ombudsman vurğulayıb.
Konfransda “Azərbaycan iqtisadiyyatında və sahibkarlığın inkişafında qadınlar” mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan qadınının cəmiyyətimizdə və dövlət siyasətində rolu həmişə yüksək olub. Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınının cəmiyyət həyatında önəmli rolu dövlət siyasətində təsbit olunub. Onun sözlərinə görə, bütün dünyada qadınların rolu və imkanları ilə iqtisadi inkişaf arasında əlaqə daim araşdırma mövzularından biri olub. Dünya əhalisinin 49,6 faizi qadın olsa da, onların dünya iqtisadiyyatında payı cəmi 37 faizdir. Bu göstərici təxminən 40 trilyon dollar civarındadır.
“Bu gün dünyanın iqtisadi siyasətini müəyyən edən dörd mühüm təşkilatın- Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Ticarət Təşkilatının, Avropa Mərkəzi Bankının və ABŞ-ın Maliyyə Nazirliyinin rəhbərləri qadındır. Bu fakt deməyə əsas verir ki, dünya iqtisadiyyatının yönümünü müəyyən edən məhz qadınlardır”,- deyən Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda sahibkarlıq subyektlərinin 21 faizi qadınlardır. 1 milyon 300 min sahibkarımızın 230 min nəfəri qadınlardan ibarətdir. İnkişaf etmiş ölkələrlə müqayisə etdikdə, Azərbaycan sahibkarlarının iqtisadiyyatda rolu daha yüksəkdir. Bu gün dünyanın inkişaf etmiş ölkələrində qadın sahibkarlarının iqtisadiyyatda rolu təxminən 17-18 faizə yaxındır. Ümumiyyətlə, qadınların imkanları ilə iqtisadi artım arasında əlaqənin iki tərəfi var. Birincisi, qadınlar daha çox hüquqi və fiziki imkanlara sahib olduqca iqtisadi artım daha yüksək olur. İkincisi yanaşma isə ondan ibarətdir ki, iqtisadi inkişaf daha çox artdıqca qadınların imkan və hüquqları daha da artır.
Parlamentin komitə sədri deyib ki, ölkə əhalisinin yarısını təşkil edən qadınların iqtisadi fəallığının artırılması, idarəetmə və qərarların qəbulu prosesinə cəlb olunması mühüm məsələdir. Qadınların özünü realizə etməsi üçün şəraitin yaradılması, iş və ailə həyatı arasında balansın qorunması həm də davamlı iqtisadi artımı təmin edir. Bu, həm də dövlətimizin iqtisadi cəhətdən güclənməsi deməkdir. Bunun üçün dövlət qurumları ilə yanaşı, müxtəlif qadın təşkilatları, özəl strukturlar, qeyri-hökumət təşkilatları tərəfindən davamlı işlər görülür. Hazırda qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün yeni perspektivlər, reallıqlar yaranıb.
Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə həssas qrupdan olan qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə qadınların əmək hüquqları və sahibkarlıq fəaliyyəti ilə bağlı lazımi qanunvericilik bazası mövcuddur. “Bu gün iqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün cəmiyyətdə olan qadınların mövcud potensial imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, qadın sahibkarlığının inkişafını təşviq etmək üçün müvafiq tədbirlər həyata keçirilir”,-deyə Tahir Mirkişili söyləyib.
“Gender bərabərliyi: gələcək hədəflər” mövzusunda çıxış edən YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, tarixin bütün mərhələlərində, ən çətin məqamlarda Azərbaycan qadını cəmiyyət naminə, milli mentalitetin mühafizəsi naminə məsuliyyəti bölüşüb, cəmiyyətin sabahlarına qayğı göstərməyi bacarıb. Azərbaycan qadının bu cəsarətinə, Vətən sevgisinə ən böyük və sistemli dəstəyi isə, əlbəttə ki, böyük tarixi şəxsiyyət Heydər Əliyev verib. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev millətin taleyi üçün mühüm əhəmiyyət kəsb edən bütün vacib sferaları hər zaman diqqət mərkəzində saxladığı kimi, qadınların ölkəmizin həyatında fəal iştirakını dəstəkləmək məqsədilə ölkəmizdə qadın siyasətinin təməl prinsiplərini müəyyən etmişdi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınının bacarığına, qabiliyyətinə, vətənsevərliyinə verdiyi yüksək dəyər, onlara sonsuz inam qadınların bütün sahələrdə fəaliyyət potensialının üzə çıxarılmasında da həlledici amillərdən olmuşdu.
Onun sözlərinə görə, cəmiyyətimizdə qadınların təsirli rolunun təmin edilməsi istiqamətində də Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin baxışlarını yaşatmaqdadır: “Belə ki, Azərbaycan qadını günümüzdə ən müxtəlif sahələrdə kifayət qədər uğurla fəaliyyət göstərməkdədir. Sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın uğurlarının da inkişafının davamlı olmasını təmin etmək məqsədilə cəmiyyətin dinamik qüvvələrinin potensialı ümummilli məqsədlər üçün cəmləşdirilir. Bu, həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biridir. Bu istiqamətdə cəmiyyətin taleyüklü məsələlərində qadınların da rolunu artırmaq, bütün peşə və sahələrdə iştirakını təmin etmək məqsədilə ölkəmizdə əlverişli mühit yaradılıb. Ölkəmizdə çoxşaxəli və davamlı islahatların aparılması dövrümüzdə demokratik cəmiyyətin göstəricilərindən biri olan gender bərabərliyinin və qadın hüquqlarının yüksək səviyyədə təminatına əsas verir. Mühüm bir hissəsini gənc qızların təşkil etdiyi gənclər ordusunun təhsil imkanlarının genişləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Dövlətimiz potensiallı gənclərimizi beynəlxalq təcrübəni öyrənmək məqsədilə ölkə xaricində nüfuzlu universitetlərdə təhsillərini davam etdirmək üçün hər cür qayğı ilə əhatə edir. Cənab Prezidentimizin bu istiqamətdəki siyasəti ölkəmizin kadr potensialının güclənməsinə xidmət edir”.
Səbinə Xasayeva qeyd edib ki, bu gün ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir: “Yüksək yaradıcılıq potensialına malik Azərbaycan qadını, xüsusən gənc qızlar göstərilən inam və etimad müqabilində fəallıq nümayiş etdirirlər. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bütün qüvvələrini səfərbər edir, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Qarşıda duran vəzifələr isə aydın və dəqiqdir. Cəmiyyət həyatının bütün istiqamətlərində dayanıqlı inkişafa nail olmaq məqsədilə elm və texnikada, süni intellekt və bu kimi digər sahələrdə, həm də qeyri-ənənəvi sayılan istiqamətlərdə qadınların və qızların rolunu, iştirak miqyasını genişləndirmək mütləqdir. Gələcəyimizə isə daha optimist, daha böyük ümidlərlə baxırıq. Çünki Azərbaycan qadının gələcəkdəki möhtəşəm uğurları indidən hər birimizi fərəhləndirir. Bu inamın əsasında isə milli-mənəvi dəyərlərə bağlılıqla müasirliyin ahəngində uğurlar qazanan Mehriban xanım Əliyevanın timsalında gənc qızlarımıza örnək olan Azərbaycan qadınları dayanır”.
Sonda xatirə fotosu çəkdirilib.